Siyasi Məhbusların Monitorinqi Mərkəzi Azərbaycanda insan haqları və azadlıqlarının təmin edilmədiyini, son bir ildə həbs olunan icimai-siyasi fəalların və jurnalistlərin sayının kəskin şəkildə artdığını bildirir.
"Azərbaycanın Konstitusiya ilə demokratik və hüquqi dövlət elan olunmasına baxmayaraq, əslində ölkədə qanunun aliliyi, insan hüquq və azadlıqları təmin edilmir, məhkəmə hakimiyyətinin müstəqilliyi yoxdur", Siyasi Məhbusların Monitorinqi Mərkəzinin "Hüquqi Azərbaycan" adlı hesabatında qeyd edilir.
Sənəddə deyilir ki, son bir ildə - 31 iyul 2023-cü ildən 2024-cü ilin iyununadək ölkədə siyasi məhbusların sayı 100 nəfərdən çox artıb. Hazırda cəzaçəkmə yerlərində siyasi motivlərlə həbs olunan azı 303 nəfər saxlanılır.
“Siyasi məhbusların əksəriyyəti ənənəvi olaraq dindarlardır, lakin son bir ildə həbs olunan icimai-siyasi fəalların və jurnalistlərin sayı kəskin şəkildə artıb.
2023-cü ilin avqust ayından sədr Afiyəddin Məmmədov başda olmaqla “İşçi masası” alternativ Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri həbs edilib.
2023-cü ilin noyabrında jurnalistlərin həbs dalğası başlayıb. Hazırda həbsdə 20-dən çox jurnalist saxlanılır. Bunlar “Abzas Media”, “Toplum” TV, “Kanal-13” və digər internet - nəşrlərin jurnalistləridir. “Toplum” TV işi üzrə beş fəal da həbs olunub. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov başda olmaqla, qurumun fəalları və jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2 (xarici valyuta qaçaqmalçılığı) maddəsilə həbs olunublar. İctimai fəallar və dindarlar Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddə alveri) təqiblərə məruz qalıblar”, sənəddə qeyd edilir.
Hesabatda bildirilir ki, saxlanmalar və axtarışlar prosessual normaların pozulması ilə, şübhəlilərin seçdikləri vəkilləri dəvət etmədən aparılır.
“Məhkəmələr qətimkan tədbiri seçərkən təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə bağlı şikayətlərə məhəl qoymurlar. Cinayət-prosessual qanunvericilikdə 10-a yaxın müxtəlif qətimkan tədbirinin olmasına baxmayaraq, məhkəmələr bir qayda olaraq, jurnalistlərə, fəallara, dindarlara qarşı ən sərt qətimkan tədbirini - həbsi seçirlər. Hətta ciddi sağlamlıq problemləri olan şəxslər, məsələn, “Toplum” TV-nin təsisçisi, qalxanabənzər vəz xərçəngi olan Ələsgər Məmmədli, iflic olmuş fəal Famil Xəlilov, gözdən əlil, araşdırmaçı jurnalist Hafiz Babalı ilkin həbsə məruz qalıblar”.
Sənəddə deyilir ki, işin mahiyyəti üzrə məhkəmə istintaqı da obyektiv aparılmır, müdafiə tərəfinin əksər vəsatətləri təmin edilmir, jurnalistlərin videogörüntülər aparmasına imkan verilmir və bəzən proseslərə, ümumiyyətlə, onları buraxmırlar.
“Eyni zamanda, siyasi məhbuslara qarşı sərt olan hakimlər vəzifəli şəxslərə qarşı "humanist" olurlar. Belə ki, 4 yeni doğulmuş körpənin ölümünə səbəb olan yanğına görə məsuliyyət daşıyan Perinatal Mərkəzin rəhbərlərinə münasibətdə məhkəmə ev dustaqlığı şəklində həbs qətimkan tədbirilə kifayətlənib”.
Hüquq müdafiə təşkilatı bildirir ki, 2024-cü ilin mayında Azərbaycan prezidenti 154 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb, lakin bu qərar “heç bir siyasi məhbusa” şamil edilməyib.
“Şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma haqqında qanunvericilik normasından nadir hallarda siyasi məhbuslara qarşı istifadə olunur, halbuki, məhkəmələr keçmiş məmurlara qarşı bundan aktiv şəkildə istifadə edirlər”.
Hesabatda insan hüquqları sahəsində ixtisaslaşmış vəkillərə qarşı təzyiqlərə də diqqət yetirilib.
“Son illərdə Yalçın İmanov, Əlaif Həsənov (vəfat edib-red), Namizad Səfərov, Xalid Bağırov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Elçin Namazov və digər müdafiəçilər vəkillikdən kənarlaşdırılıb. 2021-ci ilin iyulunda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər qəbul edilib, belə ki, hakimlər vəkillərin prosesi qəsdən təxirə salınması ilə bağlı mülahizə irəli sürsələr, məhkəmələr onları 500 manata qədər cərimə etmək səlahiyyətinə malikdir”.
Sənəddə iddia edilir ki, Azərbaycan məhkəmələri Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarını tətbiq etmir.
“Avropa Şurasının 2024-cü ilin aprelində açıqlanan yeni hesabatına görə, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını ən pis icra edən ölkələr siyahısına yenidən rəhbərlik edib. Ümumilikdə, məhkəmə sistemi Konstitusiyanın tələblərinə cavab vermir. Məhkəmələr siyasi hakimiyyətin göstərişi ilə hökm çıxarırlar. Məhkəmədə əsas rolu prokuror oynayır, məhkəmə yalnız prokurorun tələblərini təsdiqləyir, vəkillik institutunun rolu isə sıfıra endirilib. Ölkədəki siyasi məhbuslara (hazırda onların sayı 300-dən çoxdur) görə məsuliyyət məhkəmə sisteminin üzərinə düşür”, sənəddə qeyd edilir.
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov məhkəmə sistemində köklü islahatlara ehtiyac duyulduğnu bildirib.
“Məhkəmə sistemində heç bir müsbət dəyişiklik baş vermir, əksinə, ölkədə siyasi məhbusların sayı sürətlə artır", o qeyd edib.
Öz növbəsində, rəsmi Bakı ölkədə bütün insanların qanunvericilik qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bildirir. Ölkə rəhbərləri bütün fundamental hüequqların tam təmin edilyini, azad və ədalətli məhkəmə sisteminin qurulduğunu bəyan edir.
Bununla yanaşı, ölkədə insan hüquqlarının durumu və azadlıqlar beynəlxalq tənqidlərə ən çox məruz qalan sahələrdir.
Siyasi məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən təsis edilib.