Accessibility links

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətlərini təmin etməyib


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin daha 3 ay uzadılması barədə Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb. Hakim şikayəti təmin etməyib.

Həmin gün Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə 2023-cü il iyulun 23-də həbs zamanı Qubad İbadoğlunun istintaq orqanı tərəfindən götürülən mobil telefonunun qaytarılması barədə şikayəti də təmin etməyib.

Qubad İbadoğlu məhkəmə iclasında iştirak edib. O hər iki şikayətlə bağlı çıxış edib.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib ki, Qubad İbadoğlunun səhhətindəki problemlər qalmaqdadır.

"Son günlərdə bəzi siyasi məhbuslar məcburi tibbi müayinədən keçirilib. Çox təəssüf ki, biz həm ailəsi, həm vəkilləri olaraq Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə, Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etsək də, sorğularının cavabsız qalır. Onlar Qubad bəyə tibbi yardım göstərməkdən imtina edirlər. Hətta onun xəstəliklərini qəbul etmirlər," o deyib.

Qalib Toğrul, həmçinin, qeyd edib ki, Qubad İbadoğlunun vəkilləri onun səhhətinin kəskin pisləşməsinə baxmayaraq, yetərli tibbi xidmətlə əhatə olunmaması və Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG