“Son illərdə Azərbaycanda keçirilən ümummilli seçkilərdə, referendumlarda olduğu kimi siyasi qurumlar və cəmiyyətdən gələn çağırışlara baxmayaraq Milli Məclisə seçkilər ərəfəsində də zəruri siyasi islahatlar həyata keçirilməyib”.
Bu barədə sentyabrın 1-nə Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə əlaqədar Müsavat partiyasının bəyanatında deyilir.
Bəyanatda qeyd edilib ki, seçkiqabağı demokratik şərait üçün zəruri olan hüquq və azadlıqların məhdudlaşdırılması davam etdirilib.
Qeyd edilir ki, vətəndaşların sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilməyib, siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə seçki ərəfəsində siyasi və ictimai fəalların, jurnalistlərin həbsi kütləvi xarakter alıb.
“Seçki qanunvericiliyində demokratik dəyişikliklərin edilməsi, proporsional seçki sisteminin bərpası, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin edilməsi çağırışları cavabsız qalıb. Seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi üçün zəruri normativ aktlar qəbul olunmayıb. Bütün bunlardan əlavə seçkilərin əsasən tətillər və havaların çox isti olduğu dövrə təyin edilməsinin seçici fəallığına, seçki kampaniyasının təşkilinə mənfi təsir göstərəcəyi şübhəsizdir”, bəyanatda qeyd edilib.
Müsavat Partiyası indiki şəraitdə ölkədə qismən də olsa demokratik seçkilərin keçirilməsinin tarixi zərurət olduğunu xatırladır.
“Azərbaycan hakimiyyətini seçki ərəfəsi və seçki kampaniyası dövründə demokratik mühitin yaradılması naminə vətəndaşların sərbəst toplaşma hüququnun, söz və ifadə azadlığının təmin edilməsi, bütün siyasi məhbusların azadlığa buraxılması, seçki komissiyalarının fəaliyyətinə etimadın artırılması üçün əməli addımlar atmağa çağırır”, partiyanın bəyanatında qeyd edilir.
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb.
Belə ki, Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə uyğun olaraq Milli Məclis ölkə prezidentinə müraciət edib.
İyunun 27-də Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib.
Hazırda Milli Məclisdə Yeni Azərbaycan Partiyasının üzvü olan 68 deputat var.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
Forum