Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
AZAL dünən, yanvarın 8-də Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar Bakı-Kazan-Bakı reysini ləğv etmişdi.
Bundan əvvəl isə yerli mediada Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı, yanvarın 1-də Rusiyanın Həştərxan vilayəti üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumat yayıb.
AZAL Bakı-Kazan-Bakı reyslərini bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçirirdi.
Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysnini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub. Bundan sonra AZAL təhükəszilik məqsədi ilə Ufa, Samara, Nijni Novqorod, Mineralnoe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları qeyri-müəyyən vaxtadək dayandırıb.