Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibəsində Azərbaycan-İran münasibətlərindəki gərginlik, diplomatik münasibətlərdəki son liberallaşma və perspektivlərdən danışıb.
Amerikanın Səsi: Son zamanlar Azərbaycan-İran münasibətlərində müəyyən mülayimləşmə hiss olunur. Sentyabr ayında Bakıda İran- Azərbaycan birgə komissiyasının iclası keçirilib, hərbi rəsmilərin, həmçinin İranın baş prokuronun səfəri baş tutub, Tehrandan Azərbaycanın ərazi bütovlüyünə dəstək mesajları gəlib. Sizcə İran hökuməti hansı səbəblərdən Azərbaycanla münasibətlərinə yeni yanaşma sərgiləyir?
Sədrəddin Soltan: Əvvəla zahiri mülayimləşmə var. Yaxud bunu diplomatik mülayimləşmə hesab etmək olar. Niyə? Çünki batildə Azərbaycan tərəfinin İran qarşısında qoyduğu şərtlər heç də reallaşmayıb. Azərbaycanın İran qarşısında qoyduğu şərtlərin birincisi 27 yanvar hadisəsindən (bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub-red) sonraya təsadüf edir. Azərbaycan səfirliyinə hücumu terror hadisəsi hesab edir. Azərbaycanın diplomatik missiyasının binalarının qorunması və diplomatların, səfirin, baş konsulluğun, texniki işçilərin təhlükəsizliyinin təmin olunması təmin edilməlidir. Həmçinin Azərbaycana qarşı fəaliyyət göstərən, İran hakimiyyətinin dəstəklədiyi qüvvələrin Azərbaycana ekstradisiya edilməsi, Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına son qoyulması kimi məsələlər Azərbaycanın İran qarşısında irəli sürdüyü şərtlərdir. Bu şərtlərə hələ də əməl olunmayıb. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşaması üçün yeni variantlar axtarır.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: İrandan müsbət mesajlar gəlsə də Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini bərpa etməyə tələsmir. Sizcə Azərbaycan Tehranda diplomatik missiyasını hansı şərtlərlə açacaq, yəni İran tərəfi bunun üçün nələr etməlidir? Xatırladım ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu məsələləri bu gün İranda müzakirə edir.
Sədrəddin Soltan: Azərbaycan tərəfinin İran qarşısında irəli sürdüyü şərtlər bəllidir. İran bu şərtlərin indiyədək heç birinə əməl etməyib. Hətta, Azərbaycan səfirliyinə hücum etmiş terrorçu barəsində prokuror edam ittihamı irəli sürsə də bununla bağlı məhkəmə tərəfindən hələ hökm qəbul edilməyib. Deməli, məsələ hələ yarımçıqdır. İran tərəfi onun edamını Azərbaycana bir hədiyyə kimi, münasibətlərin normallaşmasını göstərən bir mesaj kimi edə bilər. O ki qaldı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfəri, ondan bir gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İranda səfərdə olması, orada Təhlüksizlik Şurasının katibi Əhmədiyanla, prezident Rəisi ilə, dünən isə İran xarici işlər naziri ilə görüşləri fərqli məsələlərdir. Çünki Azərbaycanla İran münasibətləri bəpa olunmalıdır. İran ilə Ermənistan münasibətləri isə inkişaf etməlidir. Ona görə bu yanaşmalar fərqli olduğundan nümayəndələrin səfərləri zamanı müzakirə olunan məsələlər də fərqlidir. Amma, bütün hallarda İran Ermənistanla Azərbaycan münasibətlərində vaxtı ilə buraxdığı səhvləri aradan qaldırmağa çalışır.
Amerikanın Səsi: İran-Azərbaycan iqtisadi layihələrinin perspektivini necə görürsünüz? Sizcə İran Ermənistan ərazisindən keçən Moskva-Tehran dəmir yolunun açılmasında maraqlıdırmı?
Sədrəddin Soltan: Moskva-Tehran dəmir yolu tarixi bir yoldur. Məsələn, Stalin Tehranda 1943-cü ildə keçirilən konfransa (Tehran konfransı) Moskva-Tehran qatarı ilə gedib. Müharibə dövründə (1988-1994-cü iillər nəzərdə tutulur-red) bu yol dağıdıldı. İndi isə Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi təşəbbüsü ilə çıxış etdi. Əslində, bu yeni təşəbbüs həm Ermənistan, həm İran üçün sərfəli olmalıdır. Sadəcə olaraq İran tərəfi bu layihənin Türkiyə və Azərbaycan, yəni iki türk dövləti olmasından qıcıqlanaraq özünə qarşı hadisə hesab edir. Ermənistan ərazisindən keçəcək layihəyə bu şəkildə reaksiya vermək İran hakimiyyətinin reallaşacaq həmin layihəni özünə qarşı təhlükə hesab etməsindən irəli gəlir. Amma, hesab edirəm ki, Ermənistanda zaman-zaman bu məsələni dəstəkləyəcəklər. Rusiya da bu layihənin həyata keçirilməsində maraqlıdır. Çünki Rusiya layihəni bu gün üçün deyil, perspektiv üçün hesablayır. Perspektivdə isə Türkiyə və Azərbaycanla müttəfiqliq, yaxud tərəfdaşlıq yeni Rusiya üçün vacib amil olacaq.
Amerikanın Səsi: Digər problemlərlə yanaşı Bakı və Tehran hələ də Xəzərin dibinin bölünməsi barədə razılığa gələ bilmirlər. Bu məsələdə tərəflər necəsə qarşılıqlı kompromislərə gələ bilərlərmi?
Sədrəddin Soltan: Baxın, Xəzərin dibinin bölünməsi ilə bağlı məsələ təxminən həll olunub. 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən toplantıda tərəflər Xəzərin dibinin bölünməsi məsələsini həll edib. Xəzərin dibi ümumi deyil, hər ölkə öz sektorunda uyğun olaraq boru xətlərinin çəkilməsini həll edə bilər. Yeri gəlmişkən, oktyabrın 4-dən Qazaxıstanda Orta Dəhlzilə bağlı toplantı keçirilir. Bu tip hadisələr sübut edir ki, İranın yenə də Xəzərlə bağlı irəli sürdüyü iddialar pozuculuq xarakteri daşıyır. İran hadisələrin və regionda kommunikasiya xətlərinin inkişafını əngəlləmyə çalışır. Əslində üçtərəfli razılıq var. Qazaxıstan, Rusiya, Azərbaycan hələ 2000-ci illərin əvvəllərində dənizin dibinin milli sektorlara bölünməsi ilə bağlı anlaşma imzalayıb. Bir də Xəzərin bölünməsi məsələsi 1920 və 1940-cı illər anlaşmalarına uyğun olaraq aparılır. Bu anlşamalardan sonra Xəzər böyüyüb və ya kiçilibmi ki, İran tərəfi Xəzərlə bağlı hansısa iddia ilə çıxış etsin. Ona görə Xəzərlə bağlı İranın iddiası sadəcə olaraq araqarışdırmaqdan başqa bir şey deyil.
Amerikanın Səsi: İrandakı etnik azərbaycanlıların hüquqları məsələsi ikitərəfli münasibətlərə necə təsir edir?
Sədrəddin Soltan: Ümumiyyətlə İran-Azərbaycan münasibətləri heç vaxt normal olmayacaq. Birincisi İran hakimiyyətində hakim ideologiya farş şovinizmidir, İran mərkəzi panfarsist düşüncə sistemidir. Bunun ölkə əhalisinə, ölkədə fars olmayan başqa etnik qruplara, o cümlədən Azərbaycan türklərinə münasibəti fərqlidir. Azərbaycan Prezidenti son zamanlar, son bir ildə dəfələrlə İrandakı Azərbaycan türklərinin dil məsələsini qaldırıb. Dil məsələsi isə bir millətin assimlyasiya olunmasının qarşısının alınmasıdır. Bu da bir millətin, bir etnosun işi deyil. Ümumilikdə dil bir mədəniyyətdir. Bir dilin məhv olması bir mədəniyyətin məhv olmasıdır. Deməli bir sivilizasiyanın məhv olmasıdır. Bu dünyəvi və beynəlxalq bir məsələdir. Azərbaycanın da İran qarşısında Azərbaycan türklərinin milli mədəniyyəti, dili ilə bağlı qaldırdığı məsələ beynəlxalq hüquqa tam uyğundur və beynəlxalaq mədəniyyətin tərkib hissəsi olan bir amildir. Bu da perspektivdə İranın Azərbaycan tərəfi ilə razılşamasına, yaxud da münasibətlərin daimi gərgin olaraq qalması ilə davam edəcək.