Accessibility links

Tehranın baş prokuroru Azərbaycan səfirliyinə silahlı basqınla bağlı cinayət işinin istintaqından danışıb


Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.
Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.

“Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə qarşı çıxarılan ittiham aktında hücum edən şəxsə ən ağır cəzanın verilməsi tələb olunub”. Bu barədə Tehranın baş prokuroru Əli Salehi bildirib.

İRNA agentliyinin sentyabrın 13-də yaydığı xəbərə görə, bir nəfər yanvarın sonlarında Azərbaycanın Tehrandakı səfirliyinə odlu silahla hücum edib, nəticədə səfirliyin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb, səfirliyin əmlakına ziyan vurub.

Salehi bildirib ki, məhkəmə işi hərtərəfli araşdırıb və “səfirlik daxilində Azərbaycan vətəndaşını odlu silahla qətlə yetirmək, icazəsiz silah və sursat almaq və saxlamaq, AK-47 avtomatı və tapança da daxil olmaqla, ictimai asayişin pozulması ittihamı irəli sürülüb”.

O əlavə edib ki, iş hələ də başqa ittihamlar, o cümlədən dağıntılara səbəb olmaq və səfirliyin üç əməkdaşına qəsdən xəsarət yetirmək üzrə əlavə araşdırma üçün açıqdır.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Forum

XS
SM
MD
LG