Accessibility links

Sabir Rüstəmxanlı: İranın Azərbaycana münasibəti səmimi deyil (Audio)


DAK həmsədri Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan-İran münasibətlərinin gərginləşməkdə davam etdiyini bildirib.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan-İran münasibətlərinin gərginləşməkdə davam etdiyini bildirib. Onun fikrincə, İran üzdə Azərbaycanla bir münasibət, arxada isə tamamilə əks siyasət aparır. “Azərbaycanla dost olduğunu bildirən İran Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanla dostluq edir. İranda yaşayan 35 milyondan çox azərbaycanlının fundamental hüquqları kobud şəkildə tapdanır”.

DAK həmsədrinin fikrincə, son günlərdə İranda və Azərbaycanda qarşılıqlı piketlərin keçirilməsi problemin ciddi olduğundan xəbər verir. “Düşünürəm ki, İranda da kifayət qədər ağıllı adamlar var. Onlar da düşünür ki, davamlı düşmənçilik heç bir dövlətə fayda verməz” .

Cənab Rüstəmxanlı İranda guya Azərbaycanda Avropa geylərinin nümayişinin keçiriləcəyi ilə bağlı şayiələrə əsaslanaraq siyasi rəhbərliyin təşkilatçılığı ilə piket keçirildiyini deyib. “Azərbaycanda Avropa geylərinin paradı ilə bağlı şayiələrə inanan insanlar neçə illər Tehranda səfirliyi olan bu ölkələrə niyə etiraz etmir. İslamın təəssübünü çəkən insanlar ilk öncə bu ölkələrin Tehrandakı səfirliklərinin qarşısında toplaşmalıdır. Amma, islam təəssübkeşləri nədənsə açıq şəkildə “öz ərazimizdən qonşu dövlətə qarşı müdaxiləyə yol verməyəcəyik” bəyanatı ilə çıxış edən Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında piket keçirir. Deməli etiraz aksiyaları İran hakimiyyətinin sifarişi ilə keçirilir. Hətta kişinin kişi, qadının qadınla rəsmi evlənməsinə icazə verən ölkələrin İranda səfirlikləri var”, - deyə DAK həmsədri qeyd edib.

Sabir Rüstəmxanlının fikrincə, İranın Azərbaycana münasibəti səmimi deyil.

XS
SM
MD
LG