İranın Azərbaycandakı səfirliyi ötən cümə günü bu səfirliyin qarşısında keçirilən etiraz aksiyası ilə bağlı bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, İranın Bakıdakı səfirliyinin binası qarşısında keçirilən mütəşəkkil aksiyada qeyri-qanuni və işğalçı sionist rejimin amilləri olan aldanmış və islama düşmən qüvvələrin əlində alətə çevrilmiş bir qrup şəxs tərəfindən dünya şiələrinin rəhbəri və islam ümmətinin vəli fəqihi Ayətullah Əl-Üzma Xamenei həzrətlərinin müqəddəs məqamına ünvanlanmış təhqirlər hər bir azad insanın qəlbini ağrıdır. “İran səfirliyi, İmam Zaman Həzrət Hüccət ibni əl-Həsənə və bütün dünya şiələrinə, xüsusilə Azərbaycan xalqına başsağlığı verərək bildirir ki, bu kədər doğuran faciənin dini dəyərlərə qarşı törədilməsinə və həqiqətən cinayətkar sionist rejiminə bağlı şəxslərin əlilə baş verməsinə heç bir şübhə yoxdur. Hamıya bəllidir ki, bu aksiya Azərbaycanda olan bəzi dairələr tərəfindən istiqamətləndirilən və icra olunan sifariş olmaqla yanaşı, regionda qərb və sionist dairələr tərəfindən yaradılan antiislam cərəyanları ilə tam olaraq əlaqələndirilmiş və uyğunlaşdırılmış plandır”.
Səfirlik bildirir ki, hər zaman müsəlmanların islam və iman amallarının əbədi keşiyində duran diyarlardan biri sayılan müsəlman və şiə ölkəsi Azərbaycanda dünya şiələrinin rəhbəri və vilayəti fəqihin ünvanına təhqiredici ifadələrin söylənilməsi təəssüf hissi doğurur. “Çox təəccüb doğuran məqam bundan ibarətdir ki, bu kimi aksiyanı planlaşdıran qüvvələr bilmirlər ki, dünya şiələrinin liderinin ardıcılı olan milyonlarla insanın, xüsusilə İranın azəri dilli vilayətlərində onun yolunda canlarını qurban verməyə hazır olan qeyrətli insanların dini hisslərinin təhrik edilməsi, habelə qəzəb və kin hisslərinin coşdurulması bu kimi gücsüz və alçaq ssenarilərin müəllifləri üçün nə dərəcədə təhlükəli nəticələr verə bilər”, - sənəddə hədə motivləri də özünə yer alıb.
İran səfirliyi bu düşmən və cinayət xarakterli addımı kəskin pisləməklə yanaşı, bu hadisə ilə münasibətdə ikrah hissini bildirir və onu düzənləyən amillərə xəbərdarlıq edərək deyir ki, bu əsla izaholunmaz bir addımdır: “Azərbaycan dövləti bu kimi təhqirlərə dərhal reaksiyasını bildirməli və onun amillərini cəzalandırmalıdır. Şübhəsiz ki, bir qrup etnik separatçı ilə siyasi-iqtisadi güclərlə bağlantısı olan təhrik edilmiş gənclərin iştirakı ilə təşkil edilən bu kimi sifariş xarakterli aksiyalar, islamın mübariz fəqihi, düşüncə sahibi və qəlbi sayılan bu böyük şəxsiyyət və alimin aləmə nur saçan simasına şər kölgəsi sala bilməz”.
Səfirlik qətiyyətlə qeyd etmək istəyir ki, bu kimi təxribat və düşmən xarakterli addımlar əməli şəkildə islam hökmləri və təlimlərinə qayıdışın iqtidarlı cərəyanının daha da genişlənməsinə, islamın yayılmasına və Azərbaycanın müsəlman xalqının ayıq-sayıqlığının daha ada artmasına səbəb olacaq. “Bir müddət öncə islam dünyasının mədəniyyət paytaxtı adlandırılan Bakı şəhərində, indi islamın və islam mədəniyyətinin obyektiv simvoluna təhqirlərin ünvanlanması çox təəssüf doğurur. Çox təəssüfləndirici məqamlardan biri də bundan ibarətdir ki, Qafqaz Müsəlmanları İdarəsinin bəzi yolunu azmış amilləri və ünsürləri “qey- paradın” keçirilməsinə ciddi və əməli etirazlarını bildirmək əvəzinə islamın və şiə aləminin simvoluna təhqirlərlə müşayiət olunan tədbirə qatılırlar”, - sənəddə vurğulanır.
Sənəddə həmçinin deyilir ki, bu kimi cinayətlərin və təhqiramiz addımların amillərini cəzalandırmaq əvəzinə növbəti ehtiyatsızlıq edərək mayın 16-da İran səfirliyinin binası önündə növbəti aksiyanın keçirilməsinə imkan vermələri təəssüf hissi doğurur. “Saxta və qondarma bəhanələrlə atılan bu kimi və ona oxşar addımlar qərbə və çökməkdə olan sionist rejiminə canfəşanlıqla xidmət etmək istiqamətindədir. Azərbaycan zəkalı və düşüncəli xalqı, eləcə də dünyadakı qeyrətli azərbaycanlılar, islamla düşmənçilik, dini inanclara həssaslıq məsələsində laqeydliyin təbliğ edilməsi, eləcə də işğal prosesinin uzanması və Azərbaycan ərazi bütövlüyünə xələl vurulması ardınca olan xain dairələrin planlarından agahdırlar”, - bəyanatda qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə son günlər Təbrizdə keçirilən Azərbaycan əleyhinə etiraz aksiyalarına cavab verib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev rəsmi Bakının məsələ ilə bağlı narahatlığını bildirib.
”Azərbaycan hakimiyyəti əmindir ki, bu aksiyaların arxasında ikitərəfli münasibətlərə zərbə vurmaq istəyən Azərbaycanın bədxahları durur”, deyə cənab Abdullayev qeyd edib.
O bildirib ki, Azərbaycan öz qonşuları ilə münasibətlərini yaxşı qonşuluq prinsipləri əsasında qurur.
“Azərbaycan başqa dövlətlərin işlərinə qarışmır, heç kimə də öz daxili işlərinə qarışmağa imkan verməyəcək”, deyə Abdullayev bildirib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirliyinin Azərbaycan hakimiyyətini pisləyən kəskin bəyanatından bir neçə saat sonra bu şərhi verib.