İran səfirliyi qarşısında növbəti etiraz aksiyası keçirilib. Aksiya Kanadada fəaliyyət göstərən Cənubi Azərbaycan Milli İstiqlal Partiyasının Bakı nümayəndəliyi tərəfindən təşkil olunub. 100-ə yaxın aksiya iştirakçısı səfirliyin binası qarşısına Tehran rejiminin tezliklə süqut edəcəyinin simvolu olan qara çələng qoyub.
Piketçilər “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Azərbaycanlılar üçün doğma dildə təhsil tələb edirik!”, “İran mollaları, Azərbaycan Respublikasından əlinizi çəkin!” şüarları səsləndirib.
Piketin qətnaməsində deyilir ki, 50 milyon dünya azərbaycanlısı Azərbaycan Respublikasının müstəqilliyinin və təhlükəsizliyinin zaminidir. Fəallar İranda Azərbaycana qarşı təxribatlara son qoyulana qədə aksiyaları davam etdirəcəklərini bəyan edib.
Polis aksiyaya müdaxilə etməyib, əksinə, iştirakçıların təhlükəsizliyi üçün nəqliyyatın hərəkətini dayandırıb.
Qeyd edək ki, bu, son həftə Bakıda üçüncü etiraz aksiyasıdır. Bu piketlər İranda Azərbaycan əleyhinə “Eurovision”un ləğvi tələbi ilə keçirilən aksiyalarla əlaqədar təşkil olunur.
Aksiya iştirakçısı səfirliyin binası qarşısına Tehran rejiminin tezliklə süqut edəcəyinin simvolu olan qara çələng qoyub.