Accessibility links

Ərdəbildə üç adam asılıb


Ərdəbil viyalətinin Yusifi ədliyyəsinin rəsmisi narkotik qaçaqmalçılıq ittihamları ilə məhkum olunmuş üç ərdəbillinin dar ağacından asıldığını təsdiq edib. FARS və İRNA xəbər agentliklərinin məlumatlarına əsasən edamlar 17 may, sübh çağı Ərdəbil şəhərinin zindanında icra olunub.

IRNA bildirir ki, bu şəxslərin üzərində 603 qram heroin, 160 kiloqram və 493 qram tiryək aşkar olunub. İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) FARS Xəbər Agentliyinə istinad edərək bildirir ki, Ərdəbil əyalətinin ədliyyə rəisi Qulamrza Xələfrezayi, əyalətdə ümumən 85 adam edama məhkum olunub. Bunlardan bəziləri keçən il edam olunub, amma qalanlarının bu il asılacağı gözlənilir.

Bir sıra vebsaytlar, o cümlədən “Global” və “İranda Demokratiya və İnsan Haqları Fəalları” vebsaytları elan edirlər ki, mayın 17-də əlavə 16 şəxs Yəzd vilayətində edam olunublar. Asılanlar arasında dörd qadın və beş əfqan var. İran rəsmiləri məhkumları narkotik və başqa növ uyuşdurucu maddələrin alverində ittiham ediblər.

İranda bu növ məhkəmələr bir qayda olaraq qapalı keçirilir. Bundan əlavə, bəziləri güman edirlər ki, İran hakimiyyəti narkotik maddələrlə mübarizə adı altında, az tanınmış siyasi fəalları cinayətkarlarla bərabər edam edir.

XS
SM
MD
LG