Accessibility links

İran Azərbaycanın dörd diplomatını “arzuolunmaz şəxs” elan edib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycanın bu ölkədəki diplomatik korpusunun 4 əməkdaşını “arzuolunmaz şəxs” elan etdiyini təsdiqləyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, bu il aprel ayının əvvəlində İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.

"İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib", Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi qeyd edib.

Xarici İşlər Nazirliyi Azərbaycana qarşı atılan bu addımı bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirdiyini bildirib.

Bu məsələ ilə bağlı İran höküməti rəsmi açıqlama verməyib. Öz növbəsində İranın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə sorğusuna cavabda bildirib ki, İranın rəsmi qurumləri və şəxsləri Amerikanın Səsinə müsahibə vermir.

Son aylarda iki ölkə xarici işlər nazirləri arasında münasibətlərin normallaşadırılması istiqamətində bir neçə raund danışıqlar keçirilsə də, tərəflər irəliləyişlə bağlı hər hansı bəyanat verməyib.

Azərbaycanın İrandakı səfirliyinin keçmiş diplomatı, Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibəsində İran hakimiyyətinin addımını Azərbaycanın İranın dörd diplomatının arzuolunmaz şəxs kimi elan edilməsinə cavab kimi qiymətləndirib.

Ekspert hesab edir ki, bu addım həm də İran hakimiyyətinin Azərbaycana qarşı fəaliyyətinin davamıdır.

“Ötən ay Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıda fəaliyyət göstərən dörd diplomatını persona non grata elan etmişdi. Buna səbəb olaraq həmin diplomatların terror fəaliyyəti ilə məşğul olması və yaxud Azərbaycanda pozuculuq əməlləri göstərilirdi. Düşünülürdü ki, İran tərəfi bu addımdan sonra Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı, Azərbaycana münasibəti ilə bağlı bir sıra bəzi xoşməramlı addımlar atacaq. Ancaq ötən müddət ərzində İran hakimiyyəti bu istiqamətdə heç bir xoşməramlı addım atmayıb. Əksinə vəziyyəti daha da gərginləşdirib. Azərbaycanlı dörd diplomatın persona non grata elan edilməsi də ölkələr arasında münasibətlərin, o cümlədən diplomatik sahədə münasibətlərin gərginləşdirilməsi istiqamətində Tehran hakimiyyətinin atdığı addımdır. Düzdür bunu Azərbaycanın İranın dörd diplomatının arzuolunmaz şəxs kimi elan edilməsinə cavab kimi qiymətləndirmək olar. Amma bu, İran hakimiyyətinin Azərbaycana qarşı fəaliyyətinin davamıdır. Azərbaycana qarşı pozuculuq fəaliyyətinin, Azərbaycana qarşı münasibətlərin gərginləşdirilməsi istiqamətində əməllərinin davamıdır", Sədrəddin Soltan qeyd edib.

Sədrəddin Soltan: Bu Azərbaycanın İranın dörd diplomatını "arzuolunmaz şəxs" elan etməsinə cavabdır
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Son bir ildə İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. 2022-ci ildə hər iki ölkə sərhədləri boyunca qarşılıqlı hərbi təlimlər keçirib. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, daha iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb.

Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlar verib. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

Aprelin 6-da rəsmi Bakı İran siyasətçilərinin Azərbaycan dövlətinə qarşı ittihamedici bəyanatları ilə əlaqədar bu ölkə səfirliyinin 4 əməkdaşını persona non grata elan edib.

İranın dəfələrlə Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycandakı səfirinə notalar təqdim edilib.

XS
SM
MD
LG