Accessibility links

Təbrizdə bəhayi inancına mənsub şəxs həbsxanaya aparılıb


Sina Şəhri
Sina Şəhri

Bəhayi inancına mənsub Təbriz sakini Sina Şəhri adlı vətəndaş 8 aylıq həbs cəzasını çəkmək üçün sentyabrın 27-də Təbriz həbsxanasına köçürülüb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, daha əvvəl o, keçən il yanvar ayının 17-də Təbriz Kəşfiyyat İdarəsinin agentləri tərəfindən həbs edilmişdi.

Təhlükəsizlik qüvvələrinin onun evində reyd keçirərək, bəzi şəxsi əşyalarını müsadirə etdiyi barədə məlumat yayılıb.

Sina Şəhri təxminən 10 gün saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

İlkin məhkəmədə o, “rejim əleyhinə təbliğat fəaliyyəti aparmaq” ittihamından günahkar tanınaraq 8 aylıq həbs cəzasına məhkum edilmişdi. Daha sonra Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi onun həbs hökmünü qüvvədə saxlayıb.

Bir neçə gün əvvəl Təbriz məhkəməsi tərəfindən bu vətəndaşa göndərilən sənəddə barəsində qərar verilmiş həbs hökmünün tətbiq edilməsi üçün hökmlərin icra şöbəsinə müraciət etməsi istənilib.

Ümumiyyətlə, İran İslam Respublikasının bəhayilərə İslam inancları ilə ziddiyyət təşkil edən bir dini icma kimi yanaşması, ayrı-seçkilik və təhlükəsizlik araşdırmaları ilə müşayiət olunur və bəhayi inancına mənsub vətəndaşlar çətin şəraitdə yaşayırlar. Bir çox hallarda onların təhsil və səhiyyə kimi əsas xidmətlərə çıxışı məhdudlaşdırılır. İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklər həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qalır.

Forum

XS
SM
MD
LG