Təbrizdə yaşayan Şirdel ailəsi təqribən 9 ay mücadilədən sonra övladına seçdiyi Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilib.
Abbas Lisani Telegram kanalı Türkay Şirdelin şəxsiyyət vəsiqəsinin surətini nəşr edib.
Şirdel ailəsi öncə Təbriz qeydiyyat şöbəsi və sonra Şərqi Azərbaycan vətəndaşlıq qeydiyyatı baş idarəsinin qızlarına seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina etmələrinin ardınca Təbrizin ümumi hüquq məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb.
Məhkəmə ailənin şikayətini təmin etdikdən sonra keçən yanvar ayının ilk günlərində dünyaya gələn qız uşağına təqribən 9 ay sonra şəxsiyyət vəsiqəsi verilib.
Bu, ilk dəfə deyil ki, həm qızlar həm də oğlanlara verilən "Türkay" adı İranda məhkəməyə müraciət edilərək qeydə alınır. İran Azərbaycanında Türkay adı daha əvvəl də məhkəmə qərarı ilə qeydiyyatdan keçib. O cümlədən, 2021 iyun ayı və 2022 aprel ayında Şərqi Azərbaycan vilayətində Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr məhkəməyə şikayət edərək həmin adı qeydiyyatdan keçiriblər.
Son illərdə İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər. Zəncan vilayəti qeydiyyat baş idarəsinin keçən həftə açıqladığı məlumata əsasən, hazırki 1402 Hicri ilinin ilk yarısında "Ayhan" adı Zəncan vilayətində ən populyar oğlan adı olub.
İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.
Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.
Forum