Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi uşağına “Türkay” adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyə ailənin şikayətini təmin edib. Məhkəmə hökmündə Türkay adının “qadağa olunmuş adlardan olmadığı” qeyd edilib.
Bu barədə Təbrizdə fəaliyyət göstərən vəkil Sina Yusufi məlumat verib. O, apellyasiya məkməsinin çıxardığı qərarın surətini öz Twitter hesabında paylaşıb.
Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində yaşayan ailə qeydiyyat idarəsinin uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsinin ardınca Mərənd ümumi məhkəməsinə müraciət etmişdi. Mərənd məhkəməsi qeydiyyat idarəsinin lehinə qərar çıxarınca ailə vilayətin apellyasiya məhkəməsinə baş vurdu.
Apellyasiya məhkəməsinin çıxardığı qərarda yazılıb ki, “ad seçimi ərizəçinin qanuni hüquqlarından biridir. Seçilən ad isə qadağa olunmuş adlardan deyil və bundan əvvəl də qeydiyyatdan keçib. Bununla belə, ilkin məhkəmənin hökmünün ləğvinə və qeydiyyat idarəsinin Türkay adına şəxsiyyət vəsiqə verməsinə hökm edilir. Bu qərar qətidir.”
İran Azərbaycanında “Türkay” adı daha əvvəl də məhkəmə qərarı ilə qeydiyyatdan keçib. 2021-ci ilin iyun ayında Təbrizin ümumi məhkəməsi Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən başqa bir ailənin şikayətini qəbul etmişdi.
2001-ci ildə İranda nəşr edilən “Türkcə İnsan Adları” adlı sözlüyün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.
“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun”, Cavadi həmin müsahibədə söyləyib.