Accessibility links

İran polisi Qərbi Azərbaycanda sosial mediada fəaliyyət göstərən 137 nəfərin həbs edildiyini bildirir


Qərbi Azərbaycan vilayəti
Qərbi Azərbaycan vilayəti

İran polis qüvvələrinin Qərbi Azərbaycan vilayətində keçirdiyi əməliyyatda sosial mediada fəaliyyət göstərən 137 nəfərin həbs edildiyini açıqlayıb.

Rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Qərbi Azərbaycan polis qüvvələrinin komandiri, general Rəhim Cahanbaxş sosial mediada fəaliyyət göstərən və ona görə "ictimai rəyi çaşdırmaqla məşğul olan" 137 nəfərin həbs edildiyini, onlardan 85 nəfərinin cəzalandırıldığını, 52 İnstagram səhifəsinin isə tamamilə bağlandığını bildirib. O, həmçinin cəzalandırılmış şəxslərin məhkəmə prosesi haqqında məlumat verməyib. Lakin 14 nəfər barəsində cinayət işi qaldırıldığını deyib.

Cahanbəxş deyib ki, həbs olunanlar "müxtəlif materiallar və görüntülər paylaşmaqla ictimai rəyi çaşdırmağa çalışıb." Polis rəsmisi həbs olunan şəxslərin kimliyi barədə məlumat verməyib.

İranda həbs olunanların məhkəmə prosesinin şəffaflığı hüquq müdafiəçiləri tərəfindən tənqid edilir. İran İslam Respublikasının cinayət qanunlarında "ictimai rəyi çaşdırmaq" ittihamının dəqiq tərifi verilməyib.

Hüquq müdafiəçilərinə görə, İran hökuməti aydın olmayan konsepsiyadan istifadə edərək ifadə azadlığını geniş şəkildə pozur.

İranda sosial media platforması olan İnstagram ötən il ölkədə kütləvi etirazların başlamasından sonra bloklanıb və insanlar VPN vasitəsilə bu sosial media platformasından istifadə edirlər.

Bu il İranda kütləvi etirazların ildönümündə çoxlu sayda vətəndaş və siyasi fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Forum

XS
SM
MD
LG