Accessibility links

Ərdəbildə təkadamlıq piket keçirən vətəndaş saxlanılıb


Şəkil HRA agentliyinin Telegram kanalından götürülüb.
Şəkil HRA agentliyinin Telegram kanalından götürülüb.

İranda 2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində ikən həyatını itirməsi nəticəsində baş qaldıran kütləvi aksiyaların ildönümü münasibətilə Ərdəbildə plakat nümayiş etdirən vətəndaş həbs edilib.

Hüquq müdafiəçiləri şənbə günü Ərdəbil küçələrinin birində plakat nümayiş etdirərkən saxlanılan şəxsin taleyi ilə bağlı dəqiq məlumat olmadığını bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərində yazılıb ki, "üzərində keçən ilki etirazların qurbanlarının adları yazılmış bir plakatı nümayiş etdirən şəxsin Ərdəbildə polis qüvvələri tərəfindən nəzarət altına alındıqdan sonra haraya aparıldığı məlum deyil."

Sosial şəbələrdə paylaşılan xəbərlərə görə, saxlanılan vətəndaşın nümayiş etdirdiyi plakatın üzərində 2022 oktyabr ayında məmurlar tərəfindən döyüldükdən sonra xəstəxanada həyatını itirən Ərdəbilin Şahid liseyinin şagirdi Əsra Pənahi və etirazlarda öldürülən bir neçə digər şəxsin adları yazılmışdı.

Keçən günlər ərzində İran Azərbaycanının müxtəlif şəhərlərində həm Urmiyə gölü üçün yürüdülən etiraz kampaniyaları, həm də İrandakı sentyabr 2022 etirazlarının ildönümü ilə əlaqədar mədəni və siyasi fəallara qarşı təzyiqlər artıb.

Son günlərdə bəzi vətəndaşların həbs edilməsi ilə bağlı İran rəsmiləri tərəfindən də açıqlamalar yayılıb. O cümlədən, Ərdəbilin ümumi və inqilab prokuroru bir neçə gün əvvəl iki şəxsin kəşfiyyat məmurları tərəfindən saxlanıldığını bildirib. Prokuror Cəlal Afaqi adlarını açıqlamadığı şəxlərin "terror qrupları ilə irtibatda" olduqlarını iddia edib.

Forum

XS
SM
MD
LG