Derek Hoqan: ABŞ Azərbaycan və Ermənistana fikir ayrılıqlarını aradan qaldıra biləcək təkliflər verib

Derek Hoqan (Arxiv foto. Mənbə: VOA)

Mayın əvvəlində dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqtonda keçirilən görüşündə tərəflərə sərhəddəki qüvvələrin qarşılıqlı olaraq geri çəkilməsi, gələcək sülh sazişində mübahisələrin həlli mexanizmi, Dağlıq Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyi kimi ən mübahisəli məsələlərin həlli üçün bəzi təkliflər irəli sürülüb.

Bu barədə mayın 23-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya işləri üzrə müavini Derek Hoqan Konqresin Xarici əlaqələr komitəsində konqresmen Madlen Dinin sualına cavabda bildirib.

Konqresmen deyib ki, mayın 22-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb və onunla münaqişə bölgəsindəki vəziyyəti müzakirə edib. O, həmçinin Laçın dəhlizinin "mühasirəsinin qaldırılması" üzrə tədbirlər haqqında sual verib. Cavab olaraq Hoqan bildirib ki, Dövlət katibi Blinken xarici işlər nazirləri ilə görüşdə Laçın dəhlizinin ticari və şəxsi daşımalar üçün açılmasında israr edib.

"Biz tərəflərin fikir ayrılıqlarını aradan qaldırmasına imkan verə biləcək bir sıra təkliflər təqdim etdik. Onlar iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə müzakirələri davam etdirəcəklər. Biz öz addımlarımızı Avropa İttifaqı ilə əlaqələndiririk və Kişinyovda diqqət işi necə başa çatdırmaq üzərində cəmləşdiriləcək, amma bu, uzun yoldur", Hoqan qeyd edib.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq", Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Vaşinqton görüşündən sonra Brüssel görüşü ərəfəsində mayın 10-dan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında üçtərəfli və ikitərəfli formatda görüşlər olub.

"Tərəflər "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Mayın 25-də isə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan Moskvada görüşəcək.