Oktyabrın 5-də Rusiya Taxıl İttifaqının təşkilatçılığı ilə Bakıda "Qlobal Taxıl Görünüşü" mövzusunda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı işinə başlayıb. Konfrans oktyabrın 7-dək davam edəcək
Rusiya Taxıl İttifaqının rəsmi internet saytında bildirlir ki, təşkilatçılar Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasında "taxıl qapısı" kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.
Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.
İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın "ədalətli" qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.
Xatırladaq ki, dünyada taxıl qıtlığının aradan qaldırılması məqədi ilə 2022-ci il iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.
Oktyabrın 3-də Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə taxıl sazişinin həyata keçirilməsini müzakirə edib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bugünkü konfransda deyib ki, 2021-ci ildə Azərbaycan 1,1 milyon ton buğda idxal edib, bunun da 95,3 faizi Rusiyadan idxal edib.
"Bu il müttəfiqlik münasibətləri xarakteri alan Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər sistemində ticarət əlaqələri çox mühüm rol oynayır. Ticarət dövriyyəmiz mütərəqqi olaraq artır - ötən il bu, 3,3 milyard dollar təşkil edib. Bu ilin birinci yarısının göstəriciləri əhəmiyyətli artımdan, 1,9 milyard dollardan xəbər verir" , səfir bildirib.
Boçarnikovun sözlərinə görə, ötən il Rusiyanın Azərbaycana ixracının strukturunda 32,8% ərzaq məhsulları və kənd təsərrüfatı xammalının payına düşüb.
"Həmin il Azərbaycan gübrə idxalının 67,3%-ni Rusiyadan tədarüklə təmin edib".
Qazaxıstan Taxıl İttifaqının Ticarət Komitəsinin rəhbəri Aleksandr Malov deyib ki, Qazaxıstan taxılının ənənəvi alıcıları Orta Asiya ölkələri olsalar da, Azərbaycan və Tükiyə kimi bazarlarda da öz ixrac payını artıqmaq istəyir.
"Oktyabr ayından etibarən Azərbaycana göndəriləcək taxılın yüklənilməsinə başlamışıq. Fikrimizcə, Qazaxıstan taxılı yerli bazarda məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Belə ki, biz məhsulumuzun yüksək keyfiyyətinə təminat veririk. Biz, həmçinin Azərbaycan bazarına hazır un da ixrac edə bilərik" , Malov bildirib.