Accessibility links

Ukrayna taxılının ilk partiyasının çərşənbə günü səhər Türkiyə sahillərinə çatacağı gözlənir


Türkiyənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, Rusiyanın hərbi müdaxiləsinin başlamasından bəri Ukrayna taxılının ilk partiyasının Türkiyə sahillərinə çərşənbə günü səhər saatlarında çatacağı gözlənir.

Siyerra Leone bayrağı altında üzən Razoni yük gəmisi Ukraynanın Odessa limanından Livana 26 min tondan çox qarğıdalı ilə yola düşüb.

Gəmi əvvəlcə İstanbulda dayanacaq. Burada qlobal ərzaq böhranı fonunda Ukraynanın taxıl ixracını bərpa etmək üçün iyulun sonunda əldə olunmuş razılığa əsasən, xüsusi müştərək koordinasiya mərkəzinin əməkdaşları silah və ya digər qeyri-ərzaq məhsullarının olub-olmadığına əmin olmaq üçün gəmidə təftiş aparacaq.

Mərkəzə razılığın əldə edilməsinə vasitəçilik edən dörd tərəfin - Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri daxildir.

BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi Razoni-nin “ehtiyac duyulan iki çox vacib yüklə: qarğıdalı və ümidlə” yükləndiyini deyib. “Bu, bütün dünyada Ukrayna limanlarının dayanmadan işləməsindən asılı olan milyonlarla insanın ailələrini doyura bilməsi ilə bağlı ümiddir” - deyə, o bildirib.

“Bu gün Odesada şahidi olduğumuz şey mühüm başlanğıc nöqtəsidir. Bu, qlobal ərzaq bazarlarına rahatlıq və sabitlik gətirən bir çox kommersiya gəmilərindən birincisi olmalıdır,” o əlavə edib.

Quterreşin bildirdiyinə görə, yüklərin yenidən daşınmasının bir hissəsi olaraq, BMT-nin Ümumdünya Ərzaq Proqramı tezliklə Ukraynadan 30 min metrik ton buğda almağı və BMT-nin icarəyə götürdüyü gəmi ilə ölkədən çıxarmağı planlaşdırır.

Gəmi daşınmaları ilə bağlı müqavilə Ukraynanın cənubundakı limanlardan hərəkət edən yük gəmilərinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra nəzarət etdiyi Qara dəniz sularından təhlükəsiz keçməsini nəzərdə tutur.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi axşam gündəlik video müraciətində deyib ki, ilk yükün göndərilməsi “qlobal ərzaq böhranının genişlənməsinin qarşısını almaq imkanının olduğuna dair ilk müsbət siqnaldır”.

Bununla belə, o xəbərdarlıq edib ki, Rusiyanın müqavilənin şərtlərinə əməl etməsini təmin etmək üçün ona nəzarət edilməlidir.

“Rusiyanın sadəcə olaraq Ukrayna ixracını pozmaq cəhdindən çəkinəcəyi illüziyası altında ola bilmərik,” o bildirib.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib ki, ilk gəminin yola düşməsi “çox müsbət haldır” və “İstanbulda danışıqlar zamanı razılaşdırılmış mexanizmlərin” sınaqdan keçirilməsinə kömək edəcək.

XS
SM
MD
LG