Accessibility links

Prezident İlham Əliyev: Azərbaycanda taxıl problemi yoxdur


İlham Əliyev (Foto AZƏRTAC-dır)
İlham Əliyev (Foto AZƏRTAC-dır)

“Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur.”

Bu barədə Prezident İlham Əliyev avqustun 12-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alır.

“Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal edilir”.

Prezident Əliyev bildirib ki, bu amillər reallıqdır.

“Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik,” o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il Rusiya-Ukrayna müharibəsi başlamamışdan bir qədər öncə, yanvarın 15-də Kyivə səfəri zamanı Ukraynadan torpaq sahələri icarəyə götürərək kənd təsərrüfatı məhsulları əkilməsi ilə bağlı razılıq əldə edilmişdi. Lakin, mühribə bu razılaşmanın reallaşmasına imkan verməyib.

Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuəsində dərc edilən məlıumata əsasən Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkədə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.

Məlumatda deyilir ki, Azərbaycanın ərzaq buğdası ilə özünü təminetmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, tələbatın təxminən 40-45 faizi idxal hesabına ödənilir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukrayna olub.

Rəsmi məlumatlara görə, ölkədə bu ilin yeddi ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları üzrə infilyasiya 18,7 faiz olub. Müstəqil ekspertlər isə ərzaq infilyasiyasının 35-40 faiz təşkil etdiyi qənaətindədir.

Xatırladaq ki, Rusiya Taxıl İttifaqı bu il oktyabrın 4-7-dək Bakıda "Qlobal Taxıl Görünüşü" adlı XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirəcək.

Qurumun məlumatında deyilir ki, Azərbaycanın unikal coğrafi mövqeyi var.

“Azərbaycanın unikal coğrafi mövqeyi bu ölkəni Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasındakı pozitiv imici bu ölkəni “Taxıl qapısı” kimi seçməyə imkan verir,“ Rusiya Taxıl İttifaqı qeyd edir.

XS
SM
MD
LG