Azərbaycanda son bir neçə ayda ərzaq məhsullarının, un və un məhsullarının, çörəyin, həmçinin neft məhsullarının, təbii qazın qiymətləri bahalaşıb.
Rəsmi qurumlar qiymətlərin bahalaşmasını dünya bazarında qiymətlərin artması ilə izah edir.
Ekspertlər isə hesab edir ki, ölkənin hər hansı ərzaq və qeyri-ərzaq məhsulları ilə özünütəminatı 100 faizi deyil.
İqtisadçı Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində qiymətlərin bahalaşmasını qlobal bazarda bahalaşma ilə yanaşı effektiv idarəetmənin olmaması ilə izah edir.
Amerikanın Səsi: Azərbaycan hökuməti ölkədə qida təhlükəsizliyində daxili istehsalın mühüm rol oynadığını bildirir. Digər tərəfdən isə ölkədə ərzaq məhsullarının qiymətlərinin artmasını idxaldan asılılqla əlaqələndirirlər. Sizcə qiymətlərin artmasının səbəblərini harada axtarmaq lazımdır?
ABŞ kənd təsəsrrüfatı administrasiyasının hesabatına görə, növbəti illərdə də artımlar mümkün ola bilər.
Məmməd Talıblı: Burada təbii ki, qlobal bazarın təsirləri barədə danışa bilərik. Amma Azərbaycanın özünün iqtisadi siyasətindən qaynaqlanan problemlər var. Eyni zamanda, qlobal bazarın təsir imkanları da var. Hansı kanallarla ölkə iqtisadiyyatına təsirlər buraxılır? Ümumiyyətlə, dünya bazarında buğda digər məhsullar kimi birjalarda alınıb-satılan bir məhsuldur. Nyu-York birjasında artıq bir ton buğdanın qiyməti 330-340 dollar arasında dəyişir. Bu, 2018-2019-cu illərlə müqayisədə qiymətin əhəmiyyətli bir artımını ifadə edir. Bu artımın əsasən iki fundamental səbəbi qeyd olunur. Birinci səbəb ondan ibarətdir ki, dünyada ən böyük buğda istehsalçıları Çin, Hidnistan, Rusiya, ABŞ və Kanadadır. ABŞ və Kanadada havaların quraqlıq keçməsi birinici fundamental səbəbdir. İkincisi səbəb Rusiyanın özünün buğda ixracatı ilə bağlı rüsumları artırmasıdır. Nəticə etibarı ilə Azərbaycan daha çox Rusiyadan taxıl idxal etdiyinə görə təbii ki, bu təsirlər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Ümumiyyətlə ABŞ kənd təsəsrrüfatı administrasiyasının hesabatına görə, növbəti illərdə də artımlar mümkün ola bilər. Amma bu artımların səviyyəsi indiki qədər əhəmiyyətli bir faiz artımları ilə ifadə olunmayacaq.
Amerikanın Səsi: Amma Azərbaycan Respublikası bildirir ki, ölkədə ərzaq buğdasına ehtiyacın 59-60 fazini daxili istehsal hesabına ödəyir. Belə olan halda qiymətlər niyə bu qədər çox qaldırılır. Xüsusilə un, un məhsulları, sosial çörəyin qiymətindən söhbət gedir.
Azərbaycanda taxılla bağlı idxal səviyyəsi 7 faiz artıb.
Məmməd Talıblı: Burada biz Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edə bilərik. Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, 2018-ci ildə Azərbaycanın buğda ilə özünü təmin etmə səviyyəsi 64,8 faizdir. Bu, o deməkdir, 2018-ci ildə idxal asılığımız 35 faiz olub. 2019-2020-ci illərdə isə Azərbaycanda buğda ilə bağlı idxaldan asılılıq səviyyəsi 57,2 faiz olub. Buradan rahat formada biz görürük, bu müqayisələr nəticəsində Azərbaycanda taxılla bağlı idxal səviyyəsi 7 faiz artıb. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın özünün istehsal imkanları var. Azərbaycanda il ərzində cəmi 3,2 milyon ton buğda istehlak olunur. Bunun 1,8 milyon tonunu istehsal, 1,4 milyon tonunu idxal hesabına formalaşdırırıq. Bu, onu deməyə əsas verir ki, bizim idxal səviyyəmiz təbii ki, nisbət artdığına görə ölkə iqtisadiyyatında həm də bahalaşma üçün zəmin yaradıb.
Amerikanın Səsi: Amma bununla yanaşı hökumət təbii inhisarda olan mal və xidmətlərin də qiymətlərini artırır. Burada qazın, elektrik enerjisinin, suyun, benzinin quymətləri də artırılıb. Bunlara səbəb nədir?
Pandemiay dövründə enerji sektorunda 2,1 dəfə, qeyri enerji sektorunda, ərzaq məhsullarında 27 faiz, ərzaq buğdasında 25 faiz qiymət artımı olub.
Məmməd Talıblı: Əvvəla, 2020-ci ildə qlobal pandemiya şəraitinə görə, iqtisadiyatın özündə bir süstlük halı oldu. Belə bir vəziyyətdə təbii ki, Azərbaycan iqtisadiyyatında, ümumyyətlə iqtisadiyyatda bir bahalaşma mövcud idi. Enerji sektorunda 2,1 dəfə, qeyri enerji sektorunda, ərzaq məhsullarında 27 faiz, ərzaq buğdasında 25 faiz qiymət artımı olub. Azərbaycan iqtisadiyyatının bahalaşmaya zəmin yaratmaması üçün təbii ki, Azərbaycan Taxıl Fondu var, dövlət büdcəsinə əvəzsiz maliyyə yardımları var, xüsusilə aqrar subsidiyalar var. Bu subsidiyaların artırılması, effektiv iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatına mənfi təsirləri neytrallaşdıra bilən hər hansı bufer zonalar yaradıla bilər. Büdcədənkənar fondlar var, taxıl fondu da bu fondlardan biridir. Bu siyasəti həyata keçirmək hesabına ümumiyyətlə ölkə iqtisadiyyatına qlobal iqtisadiyyatda baş verən iqtisadi şokların yumşaldılması məqsədi ilə belə bir daxili imkanlar var. Bu da iqtisadi siyasətin effekrtiv və qeyri-effektivliyi ilə bağlı danışmağa şərait yaradır.
Amerikanın Səsi: Hazırda qiymət artımı Qazaxıstanda sosial-siyasi böhran yaradıb. Azərbaycanda necə, qiymətlərin artması sosial-siyasi böhran yarada bilərmi? Belə gümanlar varmı?
Azərbaycan hökuməti istehlakçıların, həssas sosial qrupların mənafelərini daha çox qorumaqdansa, iri şirkətlərin mənafelərini qorumaq siyasəti üzərində bir siyasət yürüdür.
Məmməd Talıblı: Azərbaycan iqtisadiyyatında il-ildən bahalaşma tendensiyası hökm sürür. İqtisadiyyatın özündə mal və xidmətlərin qiymətlərinin bahalaşması üçün zəmin yaradılır. Bu, ənənəvi bir mövzudur və daha çox inhisarçı qiymətlərinin diqtə olunması ilə bağlıdır. Ölkədə, xüsusilə də iri şirkətlərin bazar payları çoxdur. Onlar inhisar qiymətlərini diqtə edə bilirlər. Nəticədə nə baş verir? Həmin bu qiymətlərin yüksəlməsi fonunda aztəminatlı əhali qruplarının həmin qiymət artımlarını qarşılama imkanları olmur. Ona görə də hansı proseslər baş verir? Azərbaycanda dövlətin istehlakçıları, xüsusilə də həssas sosial qrupların bazarın sərt təsirlərindən qoruma siyasəti olmalıdır. Görünən budur ki, bir çox hallarda Azərbaycan hökuməti istehlakçıların, həssas sosial qrupların mənafelərini daha çox qorumaqdansa, iri şirkətlərin mənafelərini qorumaq siyasəti üzərində bir siyasət yürüdür. Bu da nəticədə həmin zəngin insanların daha da imkanlarının artmasına, bazar paylarının böyüməsinə, aztəminatlı insanların isə həmin bazardan daha çox təzyiq alması ilə nəticələnir.
Amerikanın Səsi: Bəs aztəminatlı və çoxuşaqlı ailələrin sosial müdafiəsi üçün hökumət nə etməlidir?
Amma, iqtisadi siyasətin əsas effektivliyi, həm də iqtisadi siyasətin dayanıqlı və sabit olması ilə bağlıdır.
Məmməd Talıblı: Hökumətlərin hər zaman belə imkanları var. Həm dövlət büdcəsi, büdcədənkənar fondlar, ümumiyyətlə ictimai vəsaitlərin hər hansı bir istiqaməti ilə bağlı, xüsusilə də dövlət büdcəsinin sosialyönümlü xərclərini artırmaq imkanları var. Bir var, simvolik olaraq qiymət artımları olur. Bir də var ki, real məzmunlu qiymət artımları olur. Bu, insanların həyatında, aylıq gəlirlərində, süfrəsində təzahür olunur. Bu artımlar baş verəndə təbii ki, bizim vətəndaşlar iqtisadi şoklara daha həssas, daha dayanıqsız olacaq. Amma iqtisadi siyasətin əsas effektivliyi, həm də iqtisadi siyasətin dayanıqlı və sabit olması ilə bağlıdır. Ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşması ilə bərabər nə baş verməlidir? Həm də vətəndaşların aylıq gəlirləri artmalıdır. Ona görə də bizim yürütməli olduğumuz əsas siyasət vətəndaşlara yönəlik sosial siyasət olmalıdır. Bu siyasət insanlara ünvanlanmalıdır.
Amerikanın Səsi: Siz demədiniz, Azərbaycanda da Qazaxıstandakı kimi sosial-iqtisadi, siyasi böhran ola bilərmi?
Bizim üçün önləyici tədbirlər önəmli olmalıdır.
Məmməd Talıblı: Böhranın etimiologiyasına baxanda böhranların nə zaman olacağı barədə heç zaman əvvəlcədən siqnallar olmur. Bu insanların həyat yaşantıları, insanların verdiyi kütləvi, total sosial mesajlarla bağlıdır. Bu mesajların insanların həyatına nə qədər ciddi təsirləri varsa, o qədər də böhran ehtimalları çox ortaya çıxa bilər. Burada iki amili bir-birindən ayırmağın tərəfindəyəm. Birinci, ideoloji yanaşma ilə bağlı ola bilər. Tutaq ki, seçkilər, insanların hüquq və azadlıqları ilə bağlıdır, bu da vətəndaşların hökumətlərdən narazılığını yarada bilər. Azərbaycanda bu mümkün ola bilər. İkincisi isə sosial-iqtisadi vəziyyət, insanların sosial rifahı ilə bağlı ola bilər. Bu insanların kütləvi, total yoxsulluğu fonunda, kütləvi işsizlik fonunda, iqtisadi nemətlərə alçatımlığın zəif olması fonunda hər hansı iqtisadi və siyasi kataklizmlər qaçılmaz olur. O isə konkret bir ünvanlanmış mənbədən gəlmir. Hər hansı sosial qrupların hədəfi olmur. Bu baş verəndə, tutaq ki, sizin, mənim hər hansı fikrimə əsas olmadan baş verir. Ona görə də, çinlilərin məşhur bir fikri var, “əslində biz havalar yaxşı olanda arxlarımızı təmizləməliyik”. Yəni, biz hər hansı bir hadisə baş verəndən sonra islahatlar, vətəndaşlara yönəlik siyasət haqqında düşünməyimiz doğru deyil. Bizim üçün önləyici tədbirlər önəmli olmalıdır.
Amerikanın Səsi: Azərbaycan Mərkəzi Bankı bildirir ki, 2022-ci ilin birinci rübündə qiymətlərdə stabilləşmə baş verəcək. Siz necə hesab edirsiniz, stabilləşmə nə vaxt baş verə bilər? Yoxsa, qiymət artımı davam edəcək?
Məmməd Talıblı: Azərbaycanda qiymətlərin stabilləşməsi daha çox o zaman baş verə bilər ki, xüsusilə ərazaq məhsullarının, buğdanın idxalında, un və un məhsullarının qiymətlərində, idxal səviyyəsi aşağı olsun. Yəni, idxal ölkədə qiymətlərin artması ilə müşahidə olunmasın. Mən onu da demirəm ki, hər hansı məhsul bütövlükdə ölkədə istehsal olunmalıdır. Yəni, idxal inflyasiyası deyilən bir inflyasiya yaranır. Yaxın ətrafda, coğrafiyada bizim ticarət tərəfdaşlarımızla həyata keçirdiyimiz siyasət nəticəsində ölkə iqtisadiyyatında mənfi təsirlər ola bilər. Hökumətin effektiv işləməsi ona görə lazımdır ki, mənfi təsirləri ölkə iqtisadiyyatına buraxmasın. Bununla da dayanıqlı iqtisadi system formalaşsın.