Bu il dekabrın 31-dək dənli bitkilərin, ət və ət məhsullarının, süd və süd məhsullarının, kərə yağı və bitki yağlarının, şəkər və şəkər istehsalı üçün xammalın və digər ərzaq məhsullarının Azərbaycanın gömrük ərazisindən çıxarılması tənzimlənəcək.
Bu barədə Nazirlər Kabinetinin martın 18-də qəbul etdiyi “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında deyilir.
Nazirlər Kabineti qərarının son zamanlar baş verən proseslərin Azərbaycanda əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədi daşıdığını bildirir.
“İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır,“ Nazirlər Kabineti bildirir.
Martın 15-də Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl ixracına, eləcə də üçüncü ölkələrə ağ şəkər və xam qamış şəkərinin ixracına müvəqqəti qadağa tətbiq edib. Taxıl məhdudiyyətləri iyunun 30-dək, şəkər üçün isə məhdudiyyətlər 2022-ci il avqustun 31-dək qüvvədə olacaq.
Rusiya hökumətinin məlumatına görə, taxıl qadağası buğda və meslin, çovdar, arpa və qarğıdalıya şamil edilir.
"Qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər qarşısında qorumaq üçün qəbul edilib," məlumatda bildirilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuəsində dərc edilən məlumata əsasən Azərbaycanın illik buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkədə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.
Məlumatda deyilir ki, Azərbaycanın ərzaq buğdası ilə özünü təminetmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, tələbatın təxminən 40-45 faizi idxal hesabına ödənilir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır. Belə ki, Rusiya buğda ixracına qadğa qoyub, Ukrayna ərazisində isə müharibə gedir.
Bununla yanaşı, Azərbyacan tələbatın ödənilməsi üçün çoxsaylı ərzaq məhsullarının, o cümlədən bitki və heyvan yağlarının, şəkərin, ət və ət məhsullarının və digər məhsulların bir hissəsini idxal edir.