Accessibility links

Azərbaycanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir


Azərbaycanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı (Mənbə: ANAMA)
Azərbaycanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı (Mənbə: ANAMA)

Mayın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə Azərbaycanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.

Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.

Mayın 31-dək davam edəcək beynəlxalq konfransın mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın birinci günü azad edilmiş Zəngilan şəhərində, ikinci günü isə Bakı şəhərində olacaq.

Konfransda Azərbaycandakı mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələr aparılır.

Konfrans mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb. O, beynəlxalq təşkilatların nümayəndələrini minaların təmizlənməsində Azərbaycana dəstək olmağa çağırıb.

Tamara Cəfərova (Mənbə:ANAMA)
Tamara Cəfərova (Mənbə:ANAMA)

“Bu təkcə təhlükəsizlik məsələsi deyil, həm də keçmiş məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtması məsələsidir”, o qeyd edib.

Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətində deyilir ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.

İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Administrasiyası)
İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

“Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir”, dövlət başçısı qeyd edib.

Əliyevin sözlərinə görə, münaqişənin başa çatdığı 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycanda uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır.

Prezident bildirib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu günə qədər 140 min hektara yaxın sahədə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizləyib.

“Lakin minalanmış ərazilər bundan daha genişdir”.

Vüqar Süleymanov (Mənbə:ANAMA)
Vüqar Süleymanov (Mənbə:ANAMA)

Əliyevin sözlərinə görə, hazırda Azərbaycan BMT ilə birlikdə mina fəaliyyətinin tədrisi üçün “Mükəmməllik Mərkəzi”nin yaradılması istiqamətində iş aparır.

“Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalanacaqdır”, o qeyd edib.

BMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç bildirib ki, minalar və müharibənin partlayıcı qalıqları insanlara ölçüyəgəlməz əziyyətlər verməkdə davam edir, sülh və təhlükəsizliyə davamlı təhlükə yaradır.

İvana Jivkoviç (Məndə: ANAMA)
İvana Jivkoviç (Məndə: ANAMA)

“Minalar insan həyatı üçün bilavasitə təhlükə törətməklə yanaşı, ətraf mühitə zərər vurur, böyük torpaq sahələrini yararsız hala gətirir, kənd təsərrüfatı məhsuldarlığına mane olur və ekosistemləri pozur. Bu təhlükələri aradan qaldırmaq və torpağı tam, həyati potensialını bərpa etmək kimi əsas vəzifəmiz var. Bunun üçün siyasi iradə, texnoloji innovasiyalar, ictimaiyyətin iştirakı və beynəlxalq əməkdaşlığı birləşdirən kollektiv fəaliyyət və vahid yanaşma tələb olunur", o qeyd edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev deyib ki, ərazilərin minalardan təmizlənməsi ilk addımdır.

Muxtar Babayev (Mənbə:ANAMA)
Muxtar Babayev (Mənbə:ANAMA)

“Vizyonumuz minaların təmizlənməsindən sonra ətraf mühitin tam bərpasına və azad edilmiş ərazilərin davamlı inkişafına qədər uzanır. COP29-un məqsədlərinə uyğun olaraq, biz iqlim davamlılığı məsələlərini minatəmizləmə və yenidənqurma səylərimizə inteqrasiya etməyə çalışırıq. Hədəfimiz azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl zonaya çevirməyi hədəfləyirik”, nazir deyib.

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hesabatına görə, dünyanın 164 ölkəsi "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya üzv olub. 33 dövlət, o cümlədən də Cənubi Qafqaz ölkələri hələ bu konvensiyaya qoşulmayıb.

Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.

Məlumatda qeyd edilib ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG