ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Ağdam şəhərində (Bakıdan 333 kilometr qərb) təhsillərini başa vuraraq peşəkar minatəmizləyici kimi fəaliyyətə başlayan azərbaycanlı mütəxəssislərlə görüşüb.
ABŞ səfiri bildirib ki, aprelin 18-də məzun olan cəsarətli minatəmizləyicilərə dəstək olmaq və onlara təşəkkür etmək üçün Minalar üzrə Məşvərət Qrupu və Beynəlxalq Avrasiya Mətbuat Fondundan olan tərəfdaşlarla birlikdədir.
“Azərbaycanda minalarla çirklənmənin miqyasını, əhatə dairəsini və mürəkkəbliyini siz məndən yaxşı bilirsiniz. Lakin hər kəsə aydındır ki, burada minalarla çirklənmə insan həyatı və rifahı üçün təhlükədir. Buna görə də Birləşmiş Ştatlar bütün dünyada bu təhlükələri azaltmağa sadiqdir və adi silahların məhv edilməsində aparıcı maliyyə dəstəkçisidir”, o qeyd edib.
Səfirin sözlərinə görə, 1993-cü ildən bəri ABŞ yüzdən çox ölkəyə 4,7 milyard dollar vəsait ayırıb.
“Bu səylər çərçivəsində ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb. Bu gün mən təlimlərini başa vuraraq peşəkar minatəmizləyici kimi fəaliyyətə başlayacaq bu cəsur azərbaycanlı mütəxəssislərə heyranlığımı və hörmətimi bildirirəm.Yeni minatəmizləyicilər arasında qadınları görmək məni xüsusilə sevindirir. Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur”, Mark Libbi qeyd edib.
Səfir həmçinin Azərbaycanda minalardan və partlamamış hərbi sursatlardan əziyyət çəkmiş qurbanlara və onların ailə üzvlərinə başsağlığı verib.
“Məhz tərəfaşlarımız Minalar üzrə Məşvərət Qrupunun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun texniki səriştəsi və cəsarətli öhdəliyi, həmçinin ANAMA ilə güclü əməkdaşlığımız minalardan lüzumsuz xəsarət və ölüm hallarına son qoymağa kömək edəcək. Birləşmiş Ştatlar minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına, ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir. Biz Azərbaycanın minalardan tam təmizlənəcəyi günü səbirsizliklə gözləyirik və bu məqsədə çatmaqda Azərbaycanın yanındayıq”, o qeyd edib.
Ekpertlərin dediyinə görə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə mina və partlamalış sursatlar qalmaqdadır.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov aprelin 4-də mətbuat konfransında bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir.
“Mina qurbanlarından 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci il noyabrın 10-dan bu günədək 350 nəfər mina partlayışının qurbanı olub. Onların 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb”, o qeyd edib.
Forum