Accessibility links

Monitorinq Mərkəzi: Azərbaycanda insan hüquqları sahəsində vəziyyət düzəlməyib


Başa çatmaqda olan 2022-ci ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət düzəlməyib, əksinə, siyasi fəallara, vətəndaş fəallarına və dini fəallara qarşı təzyiqlər daha da güclənib.

Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin (SMMM) hesabatında deyilir.

Araşdırmada Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının müddəaları nöqteyi-nəzərindən insan hüquqlarının pozulması faktları göstərilir.

“Xüsusən, “Media haqqında” yeni qanun Avropa Konvensiyasının 10-cu (Fikri ifadə etmək azadlığı) maddəsini pozur və hakimiyyətin KİV-ə nəzarətini gücləndirir. KİV və jurnalistlərin reyestrinin aparılması faktiki olaraq onların fəaliyyətinin lisenziyalaşdırılmasıdır. İlin sonuna doğru hakimiyyətin tənqidçisi, ictimai fəal Bəxtiyar Hacıyev uydurma ittihamlarla həbs edilib. “Siyasi partiyalar haqqında” mürtəce qanunun qəbulu Avropa Konvensiyasının 11-ci (Toplaşmaq və birləşmək azadlığı) maddəsinin pozuntusudur. Parlamentin tələsik qəbul etdiyi yeni qanun hakimiyyətin siyasi qüvvələrin fəaliyyətini daha da məhdudlaşdırmasına, onlara ciddi nəzarət etməsinə, müxalif təşkilatların fəallarına qarşı təzyiqi gücləndirməsinə, mövcud qurumların qeydiyyatını özbaşına ləğv etməsinə və yeni qurumların yaradılmasının qarşısını almasına imkan verir", mərkəzin rəhbəri Elşən Həsənov bildirib.

Sənəddə deyilir ki, qanunvericilik məhdudiyyətləri müxalif siyasətçilərin təqibi ilə müşaiyət olunub.

“Belə ki, "Vətəndaş və İnkişaf" Partiyasının lideri Əli Əliyevə qarşı saxta ittihamlarla il ərzində 4 cinayət işi açılıb və nəhayət, o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ildə Bakı şəhər İcra Hakimiyyəti heç bir etiraz aksiyasına icazə verməyib, dinc xarakter daşımasına baxmayaraq, icazəsiz nümayişlərin qarşısı polis tərəfindən amansızlıqla alınıb, iştirakçılar isə saxlanılıb və həbs edilib. Başa çatmaqda olan ildə bir sıra saxlanılan şəxslər barəsində Avropa Konvensiyasının 3-cü (İşgəncələrin qadağan edilməsi) maddəsinin pozulması halları qeydə alınıb. İl ərzində Müsəlman Birliyi Hərəkatının bir neçə fəalı qanunsuz narkotik dövriyyəsi ilə bağlı uydurma ittihamlarla həbs edilib. Onların təqibinə dini əqidələri səbəb olub ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (Fikir, vicdan və din azadlığı) maddəsinin pozuntusu kimi qiymətləndirilir. İlin sonunda bir neçə dindarın terrorçuluq və dövlətə xəyanət ittihamları ilə həbs edildiyi məlum olub”.

Mərkəz "Tərtər işi"nin 19 fiqurantının həbsdən azad edilməsini, onların əksəriyyətinə bəraət verilməsini müsbət fakt hesab edir.

Hesabatın nəticə hissəsində qeyd edilir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət acınacaqlı olaraq qalır.

"Sərt tədbirlər davam etdirilir, məhkəmələr əsassız hökmlər çıxarır, vəkillərin fəaliyyəti məhdudlaşdırılır, güc qurumlarının əməkdaşları cəza tədbirlərindən istifadə edir, hakimiyyəti tənqid etmək praktiki olaraq qadağan edilib, vətəndaş cəmiyyəti əzilib. Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan bütün hüquqlar qəsdən və amansızca pozulur", SMMM-nin hesabatında bildirilir.

Mərkəz 2014-cü ilin oktyabrında Elşən Həsənovun rəhbərliyi ilə bir qrup keçmiş "vicdan məhbusu" kimi tanınan şəxs tərəfindən təsis edilib.

Öz növbəsində, rəsmi Bakı Azərbaycanda fundamental azadlıqların, o cümlədən söz və mətbuat, birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir.

Avropa Şurasının Vensiya Komissiyası “Media haqqında” qanunun bir çox müddəalarının ifadə azadlığı və media azadlığı sahəsində Avropa standartlarına uyğun olmadığı üçün qanunun tətbiq olunmamasına çağırsa da Azərbaycan rəsmiləri qanunun media azadlığını məhdudlaşdırmadığını bildirib.

“Siyasi partiyalar haqqında” qanuna gəlincə Avropa Şurası Parlament Assambleyasının kimitəsi sənədə təcili rəy verilməsi üçün Venesiya Komiissiyasına müraciət edib. Buna baxmayaraq Azərbaycan parlamenti artıq qanunu qəbul edib və imzalanması üçün ölkə prezidntinə təqdim edib.

İşgəncə və qeyti-insani rəftar barədə məlumatları da hüquq mühafizə orqanları bir qayda olaraq qəbul etmir və qərəzli sayır.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib, bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir. 2021-ci ildə Avropa Şurası Pralament Assambleyasının 46 deputatı Azərbaycanda işgəncə faktlarının, o cümlədən “Tərtər işi” üzrə işgəncələrin araçşdırılması üçün müraciət qəbul edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG