Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icra durumu barədə qətnamələrini elan edəcək


Avropa məhkəməsi
Avropa məhkəməsi

Dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) toplantısında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə olunacaq.

Aihmaz.org saytının məlumatına görə, dekabrın 8-dək davam edəcək toplantının sonunda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək. Həmin qərarlar Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Kipr, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Malta, Moldova, Makedoniya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Birləşmiş Krallıqla bağlıdır.

AŞ NK toplantısında Azərbaycanla bağlı Xədicə İsmayılova, Anar Məmmədli, Elçin Namazov Qruplarına daxil olan qərarların və Sarqsyan Azərbaycana qarşı işi üzrə qərarın icra durumu müzakirə olunacaq.

Xədicə İsmayılova Qrupu çərçivəsində AİHM-nin İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır. Bu qrup işin icrası çərçivəsində Azərbaycan hökuməti jurnalistlərin effektiv qorunması mexanizmi yaratmalı, jurnalistlərə qarşı yol verilən cinayətlərin araşdırılmasını, ifadə və şəxsi həyata hörmət hüququ ilə bağlı məhkəmə təcrübəsinin inkişaf etdirilməsini təmin etməlidir.

Müzakirələrdən əvvəl Azərbaycan hökuməti AŞ NK-ya İsmayılovaya qarşı yol verilmiş cinayət əməllərinin istintaqının yeniləndiyini bildirib. Daha əvvəl prokurorluq araşdırmanın dayandırılması haqda qərar qəbul etmişdi.

Anar Məmmədli Qrupunda AİHM-nin Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Anar Məmmədli, İntiqam Əliyev, Əzizov və Novruzlu, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2 iş), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bu qərarların icra durumu problemlidir, qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər həyata keçirilməmiş qalır.

Azərbaycan hökuməti toplantıya təqdimatında Əzizov və Novruzlu Azərbaycana qarşı qərarının cira edildiyini bildirib. Təqdimatda qeyd edilir ki, Ali Məhkəmənin Plenumu yeni açılmış hallar üzrə işə yenidən baxıb və hər iki ərizəçi barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqda qərar qəbul edib. Hökumət AŞ NK-dan qərarın icrasına nəzarətin qapadılmasını xahiş edib.

Ərizəçilərin vəkilləri isə öz təqdimatlarında qərarın tam icra edilmiş sayılması üçün bütün tədbirlərin həyata keçirilmədiyini bildiriblər. Vəkillər Nemət Kərimli və Fariz Namazlı Nazirlər Komitəsindən xahiş ediblər ki, hökumətdən ərizəçilərin məhkumluğu ilə bağlı bütün dataların silinməsini, İlqar Məmmədov və Rəsul Cəfərov işində olduğu kimi ərizəçilərin hər birinə mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb etsin.

Namazov Qrupu çərçivəsində AİHM-in Azərbaycanla bağlı 3 qərarının (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarları) icrasına nəzarət olunur. Hər 3 qərar vəkillərin Azərbaycan Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərdə vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar vermişdi.

Azərbaycan hökumət bu qrup işi ilə bağlı təqdimatında ərizəçilərin hər birinə kompensasiya məbləğinin ödənildiyini qeyd edib. Həmçinin bildirilib ki, Vəkillər Kollegiyası üzvlüyündən kənarlaşdırlma üçün xüsusi əsasların daxili qanunvericilikdə təsbit olunması ilə bağlı qanunvericilik təklifi hazırlanıb.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna aid həmin təklifin razılaşdırılması üçün aidiyyəti olan dövlət orqanlarına göndərildiyi bildirilir. Hökumət hesab edir ki, həmin layihənin təsdiqlənməsi, vəkilləri qorumaq üçün adekvat alət olacaq.

Sarqsyan Azərbaycana qarşı qərarı isə 1992-ci ildəki Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşən şəxslərin evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü ilə əlaqəlidir. AŞ NK bu qərara paralel olaraq, Çıraqov və Başqaları Ermənistana qarşı qərarının icrasını da müzakirə etməlidir. Bu qərarlar oxşar məzmunludur.

Azərbaycan hökuməti Sarqsyan Azərbaycana qarşı qərarının icra durumu ilə bağlı təqdimatında qərarın icra edilməsi üçün tədbirlər görməyə hazır olması niyyətini təsdiqləyib, ərizəçiyə ədalətli əvəzin ödənilməsinə hazır olduğunu bildirib. Eyni zamanda ədalətli əvəzin ödənilməsinin hər iki qərara münasibətdə eyni zamanda həyata keçirilməli olduğu ifadə edilib.

Çıraqov və Başqaları Ermənistana qarşı işində ərizəçilər, Laçın rayonundan məcburi köçkün düşən Elxan və Adışirin Çıraqovlar, Ramiz və Qaraca Cəbrayılovlar, Fəxrəddin Paşayev və Akif Həsənov AŞ NK-ya təqdimatlarında qərarın qəbul edilməsindən 5 ildən artıq vaxt ötsə də Ermənistan hökumətinin icra ilə bağlı hər hansı addım atmadığını ifadə ediblər.

"İdiyədək ədalətli əvəz ödənilməyib. Ağır məişət şəraitində yaşamağa davam etməyimizə və hələ də Laçına qayıda bilmədiyimizə görə, vəziyyətimiz olduğu kimi qalır. Hələ də gözlədiyimiz ilk tədbir AİHM tərəfindən hər birimizə dəymiş ziyan, xərc və məsrəflərə görə hesablanmış ədalətli əvəzin faizləri ilə birlikdə, gecikmə olmadan ödənilməsidir" , ərizəçilər qeyd edib.

Ərizəçilər, həmçinin qeyd ediblər ki, bu yaxınlarda Laçın şəhərinə və Ağbulaq, Çıraq və Çıraqlı kəndlərinə səfər ediblər, evlərinin tamamilə dağıdıldığı reallığı ilə qarşılaşıblar.

"Evlərimizi və əmlakımızı geri qaytarılmayacaq şəkildə itirmişik. Üstəlik, yaxın aylarda və hətta illərdə Laçına qayıtmağımız, evlərin və infrastrukturun tamamilə dağıdılması, ağır mina çirklənməsi səbəbindən çox çətin görünür" - deyə, qeyd edən ərizəçilər Ermənistanın evlərinin və əmlaklarının qanunsuz məhv edilməsinə görə onlara kompensasiya ödəməli olduğunu ifadə edib.

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG