Beynəlxalq ictimaiyyət İranı sentyabr ayında 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra başlayan etiraz nümayişləri ilə əlaqədar edam hökmlərini icra etməsini qətiyyətlə pisləyib. Birləşmiş Ştatlar Tehran tərəfindən sərt hökmlər və edamların hökumətə etiraz edən insanları qorxutmaq məqsədi daşdığını bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatların və bütün dünyanın Tehran rejimi tərəfindən dinc nümayişçilərə qarşı repressiyaları diqqətlə izlədiyini bildirib.
İranda bu həftə gənc qadının ölkənin əxlaq polisi tərəfindən hicabı düzgün geymədiyinə görə saxlandıqdan sonra polis nəzarətində ölümünün ardınca başlanmış etirazlarla əlaqədar ikinci edam hökmü icra edilib.
Ədliyyə orqanlarının Mizan xəbər agentliyi Məcidreza Rəhnavardın başqalarına xəbərdarlıq olaraq Məşhəd şəhərində ictimaiyyət qarşısında asıldığını bildirib.
Rəhnavard keçən ay Məşhəddə hökumət qüvvələrinin etirazçıları öldürməsindən qəzəblənərək, təhlükəsizlik qüvvələrinin iki üzvünü bıçaqlamaqda günahlandırılıb. ABŞ Dövlət Departamenti Rəhnavardın edamını pisləyib.
“İrandan gələn daha dəhşətli xəbərlərə gəldikdə, bilirik ki, Məcidreza Rəhnavərd İslam Respublikasının son qurbanıdır. Yalnız saxta məhkəmə kimi təsvir oluna bilən məhkəmənin qərarından sonra o, sürətlə edam edilib. Biz bilirik ki, o da ictimaiyyət qarşısında edam edilib; o, xalqın gözü qarşısında asılıb. Rejim etirazlarda iştirak etdiklərinə görə minlərlə insanı həbs edib. Onların bir çoxu indi ağır cəzalarla, o cümlədən ölüm hökmü və heç bir lazımi hüquqi prosedurun olmadığı saxta məhkəmələrlə üzləşirlər. Biz bu amansız rəftarı ən kəskin şəkildə pisləyirik”.
Ned Prays bildirib ki, İranda etirazçılara sərt hökmlər və ictimaiyyət qarşısında icra edilən edam İran xalqını qorxutmaq məqsədi daşıyır.
“Bunlar fərqli düşününlərə təzyiq üçün nəzərdə tutulub. Onlar sadəcə olaraq İran rəhbərliyinin öz xalqından nə qədər qorxduğunu vurğulayır. İran rəhbərliyi dinc nümayişçilərə qarşı zorakılıqla repressiyalarını davam etdirərkən onlar bilməlidirlər ki, Birləşmiş Ştatlar bunu izləyir, lakin daha da önəmlisi, dünya bunu izləyir. Biz İranın insan haqları pozuntularına qarşı mübarizə aparmaq üçün dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya etməyə davam edəcəyik.”
BMT-nin İnsan Hüquqları ofisi Rəhnavardın edam edilməsindən dəhşətə gəldiyini bildirib və əlavə edib:“ Biz ölümə məhkum edilmiş digər etirazçıların həyatı üçün qorxuruq. Ölüm cəzasının tətbiqi yaşamaq hüququ ilə bir araya sığmır”.
Nümayişlərlə bağlı ölümə məhkum edilən ilk şəxs keçən həftə edam edilib. Fəallar deyirlər ki, İran bağlı qapılar arxasında keçirilən dinləmələrdə ən azı onlarla adamı edam cəzasına məhkum edib və təxminən üç ay davam edən etirazlar zamanı ən azı 488 nəfər öldürülüb. İranda etirazları monitorinq edən İnsan Hüquqları Fəalları daha 18200 nəfərin saxlanıldığını bildirib.