Accessibility links

Rəşid Hacılı: Jurnalistlər özlərini müdafiə altında hiss eləmirlər


Media hüququ üzrə ekspert Rəşid Hacılı
Media hüququ üzrə ekspert Rəşid Hacılı

Media hüququ üzrə ekspert Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda media sahəsində qanunvericiliyin mövcud durumundan, o cümlədən jurnalistlərin hüquqlarının qorunması istiqamətində atılan addımların effektivliyindən danışıb.

Rəşid Hacılının sözlərinə görə, əvvəlki qanunlarda çatışmazlıqlar medianın tənzimlənməsi ilə bağlı idi.

"Çatışmazlıqlar həm televiziyaların, həm də radioların tənzimlənməsi ilə bağlıdır. Çünki lisenziyaların verilməsi, tezliklərin verilməsi sahəsində o qədər qaranlıq və qeyri-şəffaf, normal medianın inkişafna uyğun olmayan aspektlər var ki, bu dəfələrlə deyilib. Azərbaycanda mümkün deyil ki, müstəqil insan hansısa bir tezlik alsın, hətta kənddə, qəsəbədə belə bir radio tezliyi alsın. Orada hər hansı bir ictimai, özəl bir yayımı həyata keçirsin. Bu bir orta çağ durumudur. Elə bu səbəbdəndir ki, tez-tez eşidirsiniz ki, Bakıdan çıxan kimi İran radiolarını dinləyirik və yaxud şimala gedən kimi rus radiolarını. Hətta Xəzər sahillərində türkmən radiolarını dinləmək olur. Çünki tezliklər boşdur. Elə bil ki, çöllükdü və heç bir infrastruktur yoxdur. Qanunlarla bağlı problemlər çoxdur. O cümlədən də internetin tənzimlənməsi ilə bağlı qanuna bir neçə il əvvəl də əlavələr etmişdilər. Faktiki olaraq bu böyük senzura yaradır. Bu həm də prokurorluğa böyük imkan verir ki, senzuranı həyata keçirsin. Qanunlar təxminən bu vəziyyətdədir."

Rəşid Hacılı: Jurnalistlər özlərini müdafiə altında hiss eləmirlər
please wait

No media source currently available

0:00 0:07:34 0:00

Ekspert hesab edir ki, ölkədə jurnalistlərin hüquqlarının qorunması üçün hüquqi baza yetərli deyil.

"Müəyyən dərəcədə deyə bilərik ki, var. Çatışmazlıqlarla yanaşı nəsə də var. Amma olanı, gərçəyi həyata keçirmək mümkündürmü? Qanun işləyirmi? Qanunun aliliyi təmin olunurmu? Dövlət orqanları qanuna əməl edirmi? Məhkəmələr qanunun aliliyin təmin olunmasında yardım edirlərmi? Baza olması hələ yetərli deyil. Azərbaycanda jurnalistlərin azadlığını təmin edəcək qanunvericilik ortamı və yaxud siyasi, inzibati ortam demək olar ki, yoxdur. Jurnalistlər özlərini müdafiə altında hiss eləmirlər.”

Rəşid Hacılı deyir ki, Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanun demək olar ki işləmir.

“Əgər işləyirsə, qanunvericilik bazasının 20-25 faizi informasiya üçündür. Çünki orada konkret sıralanıb ki, informasiyalar online internet resursları üzərindən yayılmalıdır. Onların heç 20 faizi yayılmır. Xüsusilə də, o məlumatlar ki, həssas məlumatlardır. Onlara çatım ümumiyyətlə çox çətindir. Halbuki bu publik olmalıdır. Düzdü get-gedə müəyyən irəliləyişlər görünür. Amma bu çox azdır. Jurnalistlərlə bağlı isə, həssas məlumatlara çatım problemdir. Jurnalistin məlumat almaq imkanı təkcə nazirdən nəyisə soruşması deyil, həm də nazirlikdə olan informasiyalar var, o informasiyalara çatmaq imkanıdır. Ona görə mən sizin sualınıza yox cavabı verərdim. Hər halda faiz dərəcəsi çox aşağıdır.”

Rəşid Hacılı hesab edir ki, ölkədə jurnalistlərin hüquqlarının qorunması, ifadə azadlığının cəmiyyətin inkişafı, demokratiyanın təmin olunması üçün dəyər olduğu hökümət tərəfindən qəbul olunmalıdır.

“Buna uyğun qanunun aliliyi təmin olunmalıdır. Jurnalistlərin müstəqil olaraq vəsait qazanması, müstəqil olaraq yaşaya bilməsi imkanları təmin olunmalıdır. Jurnalistlərin hüquqları heç də polisin, prokurorluğun və ya başqasının hüquqlarından əskik olmalı deyil. Bunların olması üçün dediyim kimi, qanunun aliliyi təmin olunmalıdır. Jurnalist işinin bir müstəqil biznes sahəsi olmasını, reklam bazarının formalaşması lazımdır. Bu təkcə qanunvericilik, qanunun aliliyi, iqtisadiyyat deyil. Çoxlu parametrlər var. Təəssüf ki, onların çoxu Azərbaycanda yoxdur,” o, qeyd edib.

Rəsmi Bakı ölkədə media hüquqlarının, söz azadlığının tam təmin edildiyini, bütün insanların, o cümlədən jurnalistlərin hüquqlarının qorunduğunu bildirir.

XS
SM
MD
LG