Accessibility links

Norveç İnsan Hüquqları Evi Fondu hüquq müdafiəçilərinin qorunmasına dair hesabatını açıqlayıb


Polis gənc fəalı aksiya zamanı ağzını əli ilə bağlayır
Polis gənc fəalı aksiya zamanı ağzını əli ilə bağlayır

Norveç İnsan Hüquqları Evi Fondu “2021-ci ildə müdafiəçilər üçün müdafiə: Təhdid altında olan hüquq müdafiəçilərinə kömək üçün infrastrukturu necə təkmilləşdirmək olar” adlı hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələrində, Belarus və Ukraynada müxtəlif müdafiə mexanizmlərini özündə birləşdirən müdafiə infrastrukturuna çıxış imkanları var.

“Bununla belə, LGBT-çi fərdlərin hüquqlarının müdafiəçiləri, qadın hüquqları və gender bərabərliyi müdafiəçiləri, ekoloji fəallar, jurnalistlər və ucqar ərazilərdə çalışan hüquq müdafiəçilərinin daha məqsədyönlü və əlçatan müdafiəyə ehtiyacı qalır”, hesabatda vurğulanır.

Hesabat Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ukraynanı əhatə edir.

Norveç İnsan Hüquqları Evləri Fondu Ermənistan, Gürcüstan, Qırğızıstan və Ukrayna “hibrid demokratiyalı ölkələr”, Azərbaycan, Belarus, Qazaxıstan və Tacikistan isə “avtoritar rejimlər” qrupuna aid edib.

Sənədin Azərbaycana aid hissəsində deyilir ki, “qeyri-hökumət təşkilatlarının ənənəvi işi onların fəaliyyəti haqda qanunvericiliklə praktiki olaraq heçə endirilib, qrantların alınması, ictimai fəallıq üçün sahə məhdudlaşıb və qapanıb”.

“Qeydiyyatdan keçməmiş qrantlardan istifadəyə görə qeyri-hökumət təşkilatları mütəmadi olaraq cəzalandırılır. Bu sanksiyalar hakimiyyət tərəfindən tənqidçiləri susdurmaq üçün özbaşına tətbiq edilir. 2017-ci ildən müstəqil media platformalarının əksəriyyəti bloklanıb. 2014-cü ildən bütün narazılara (siyasi müxalifət, jurnalistlər, hüquq müdafiəçiləri, insan hüquqları üzrə vəkillər) qarşı kütləvi repressiya dalğası başlayıb”, araşdırmada qeyd edilir.

Hesabatda qeyd edilir ki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus dəmir barmaqlıqlar arxasındadır. Bir çox tanınmış vətəndaş cəmiyyəti liderləri və jurnalistlər ya xaricə gedib, ya da qondarma cinayət ittihamı ilə həbs olunub. Əksəriyyəti 2019-cu ilə qədər sərbəst buraxılıb, lakin ümumilikdə hakimiyyətin siyasəti vətəndaşın zəifləməsinə səbəb olub.

“Azərbaycan vətəndaş cəmiyyəti praktiki olaraq fərdlər icmasını təmsil edir ki, bu da bu sektorun institusional potensialının möhkəmləndirilməsi imkanlarını istisna edir. Bununla yanaşı, ilk növbədə qadın hüquq müdafiəçiləri arasında fəallığın artması müşahidə olunur. Demokratik ölkələrin hökumətləri hüquqların müdafiəsi üzrə preventiv işdə mühüm rol oynayırlar - onlar pozucu- dövlətləri hüquq müdafiəçilərinin qorunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası və ATƏT çərçivəsində götürkləri öhdəliklərə əməl etməyə çağıra bilərlər,” araşdırmada deyilir.

Milli Məclisin deputatı Zahid Oruc bu yaxınlarda Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanın yerli reallığında insan haqlarının təminatı üçün 1-ci çağırış, müharibə cinayətlərinin müddətdən asılı olmayaraq cəzalandırma mexanizmlərinin işlək vəziyyətə gətirilməsidir.

“Korrupsiya hüquqpozmalarına qarşı sərt tədbirlər son illər artıb. Xüsusilə də mərkəzi icra hakimiyyəti orqanlarında büdcə vəsaitələrinin mənimsənilməsinə qarşı cəzalandırılanların sosial tərkibinin yalnız aşağı çinli məmurlar deyil, yükək vəzifə tutan şəxslər olduğunu görə bilərik. Lakin institusional dəyişikliklər gücləndirilməlidir,” o deyib.

Azərbaycan beynəlxalq mühitdə daha çox toplaşmaq hüququ, söz və mətbuat azadlığı ilə bağlı tənqidlərə məruz qalır. Bu sahədə, yəni azadlıqlar sahəsində vəziyyəti necə qiymətləndirirsiniz sualına cavabında o bildirib ki, bu yöndə beynəlxalq hesabatlara ikili münasibət var.

“Onlardan bir qismi xarici siyasət alətləridir. Lakin ikinci hissəsində bir sıra məsələlərə münasibətdə dövlət hakimiyyət orqanları ilə yenidən dialoq mühitinə ehtiyac var ki, bu konfrantasiya ortadan qalxsın. Azərbaycanı yalnız qara rəngdə göstərmək praktikasına son qoyulsun. Amma eyni zamanda hüquq-mühafizə, istintaq, fikir azadlığı, kütləvi toplaşmaq, media azadlığı sahəsindəki problemləri də biz aradan qaldıra bilək. Bunların hamısı insanlarımız üçün gərəkdir. Biz tədbirlərimizin ikinci, üçücü, dördünücü səviyyədə, xarici aləmdə rəy alması üçün çalışmamalıyıq. Əlbəttə beynəlxalq aləmdə bizimlə bağlı formalaşan rəylər əhəmiyyət daşıyır. Mən komitə sədri kimi bundan öncəki çıxışlarımda da, parlamentdəki mövqeyimdə də bu məsələyə ayrıca yer vermişəm. Human Rights Watch, Amnesty International və digər qurumlara bizim münasibətimizə baxmayaraq fakt faktlığında qalır ki, bir sıra dövlətlər məhz onların rəyləri əsasında hərəkət etməyə çalışırlar. Biz Qarabağ davasında ərazi bütövlüyümüzü məhz beynəlxalq rəyin bizim tərəfimizdə olamsı fonunda qazandıq. Deməli bu istiqamətdə görüləcək işlərimiz var. Bu inkaredilməzdir,” deputat bildirib.

Xatırlatma

Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan höküməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.

XS
SM
MD
LG