Accessibility links

İran Azərbaycanının Məlikkəndi şəhərindən olan etirazçı 'Allaha qarşı müharibə' ittihamı ilə üzləşib


Meysəm Mobarhan
Meysəm Mobarhan

Şərqi Azərbaycan vilayətinin Məlikkəndi şəhərində İran hökumətinə qarşı keçirilən etiraz aksiyaları zamanı həbs edilən etirazçı Meysəm Mobarhan "Allaha qarşı müharibə aparmaq" və "yer üzündə fəsad törətmək" ittihamları ilə üzləşib. Etirazçı vətəndaşın "Allaha qarşı müharibə aparmaq"da ittiham edilməsi onqa qarşı ölüm hökmünün çıxarıla biləcəyi ilə bağlı narahatlığı artırıb.

Bu günlərdə İslam Respublikasına bağlı sosial şəbəkələrdə onun məcburi etiraflarının videosu yayılıb. Kamera önündə etiraflara məcbur etmək və bu etirafların videolarını yayımlamaq İslam Respublikasının illərdir həbs etdiyi müxaliflərinə qarşı tətbiq etdiyi üsullardan biridir.

Meysəm Mobarhanın ailə üzvlərinin də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, basqıya məruz qaldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumatlı bir mənbənin sözlərinə istinadən yazıb: "Meysəm bu il noyabr ayında Məlikkəndinin (Məlekan) Səttar Xan məhəlləsində keçirilən etirazlar zamanı həbs edilib və sonra Marağa həbsxanasına köçürülüb". Məlumata əsasən, Mobarhan İran İslam Respublikasının bayrağını yandırdığı üçün "Allaha qarşı müharibə aparmaq"da ittiham edilib.

Ölkədə sentyabr ayından başlayan etirazlarda həbs edilən və "Allaha qarşı müharibə aparmaq"da ittiham edilən etirazçılardan ikisi Məcidrza Rəhnəvərd və Möhsün Şekariyə ölüm hökmü çıxarılaraq, onların edam edildiyi bildirilir.

Digər həbs edilən etirazçı vətəndaşların da eyni ittihamla üzləşməsi onların da edam edilə biləcəyi ilə bağlı narahatlığın artmasına səbəb olub.

İranın İslam Cəza Qanununda hakimin qərarı ilə "Allaha qarşı müahribə aparmaq"da ittiham olunan şəxsin cəzalandırılması üçün edam, amputasiya və ya sürgün hökmləri nəzərdə tutulur.

XS
SM
MD
LG