Accessibility links

Sayınqala, Məlikkəndi və Xoy şəhərlərində türk vətəndaşlar həbs edilib


İranda kütləvi etiraz aksiyalarında həbs olunan türk vətəndaşlar
İranda kütləvi etiraz aksiyalarında həbs olunan türk vətəndaşlar

İran Azərbaycanının şəhərlərində bir neçə azərbaycanlı türk vətəndaş təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, onlardan bəzilərinin adları son günlərdə açıqlanıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yayımladığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlekan) şəhərindən olan Səid İlxani, Məhəmməd Zarei, Vəhid Əliqulipur, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə (müəllim), Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adında vətəndaşlar İran Azərbaycanında baş qaldıran kütləvi etirazlarla əlaqədar həbs edilib.

Yerli xəbər mənbələrinin məlumatına görə, Vəhid Əliqulipur hazırda Evin həbsxanasında saxlanılır və Məlikkəndi şəhərindən olan digər həbs olunan vətəndaşlar isə Marağa həbsxanasındadır.

Mitra Cavadi noyabrın 19-da Qərbi Azərbaycan vilayətinin Sayınqala (Şahindej) şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onun harada saxlanıldığı və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Məlikkəndi şəhərində saxlanılan Səid İlxani, Hamid Vahidi və Məhəmməd Zarei həbsxanada qeyri-müəyyən vəziyyətdədir və onların müvəqqəti azadlığa buraxılma prosesi barədə məlumat verilmir.

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindən alınan xəbərdə bildirilir ki, milli fəal Məhəmməd Hacılı noyabrın 22-də Qərbi Azərbaycanın Xoy şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Xoy şəhərində yaşayan fəal Məhəmməd Hacılı Urmiyə Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb və burada sorğu-suala çəkilir. Yayımlanan məlumata görə, həbs zamanı təhlükəsizlik qüvvələri evdə reyd keçirib, fəala aid şəxsi əşyaları, o cümlədən noutbuk, mobil telefon və kitabları müsadirə edilib.

Həmçinin azərbaycanlı idmançı Meysəm Şirini noyabrın 16-da Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyülərək həbs edilib. Məlumata əsasən, idmançı türk vətəndaşını İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat agentləri həbs edib və bir neçə gün dindirildikdən sonra Urmiyə Mərkəzi Həbsxanasının gənclər bölməsinə aparılıb.

XS
SM
MD
LG