Accessibility links

Azərbaycan məhkəməsi İsveçrədə siyasi sığınacaq almış jurnalisti cərimə edib


Samir Sədaqətoğlu (Fotonu Sədaqətoğlunun özü rəqdim edib)
Samir Sədaqətoğlu (Fotonu Sədaqətoğlunun özü rəqdim edib)

Lənkəran Rayon Məhkəməsi hazırda İsveçrə Konfederasiyasında siyasi mühacir həyatı yaşayan “Civilazerbaijan.com” saytının baş redaktoru, yazıçı-jurnalist Samir Sədaqətoğlunu (Hüseynov) 1000 manat cərimə edib.

Vəkil Fariz Namazov Amerikanın Səsinə bildirib ki, məhkəmə hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilib və "Premium Hoteli"in rəhbəri Rasim Məmmədovun mülki iddiası əsasında "Mülki Məcəllə"nin 21-ci (Zərərin əvəzinin ödənilməsi), 22-ci (Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) maddədləri ilə Samir Sədaqətoğlunun 1000 manat cərimə edilməsi barədə qətnamə çıxarıb.

Fariz Namazov: Məhkəmənin qərarı qanunsuzdur
please wait

No media source currently available

0:00 0:01:38 0:00

"Qətnaməyə görə Samir Sədaqətoğlu "Premium Hotel" haqqındakı araşdırma məqaləsini saytdan çıxarmalı, iddiaçının şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələdiyinə görə sayt vasitəsi ilə üzr istəməli və mənəvi ziyana görə 1000 manat, məhkəmə xərclərinə görə isə 120 manat iddiaçı Rasim Məmmədova ödəməlidir".

Vəkil məhkəmənin qərarını qanunsuz hesab edir və noyabrın 7-də apellyasiya şikayəti verib.

"Çünki məqalədə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən məlumat mövcud deyil. Sadəcə, yazı jurnalistin şəxsi fikirləridir və qiymətləndirici xarakter daşıyır, məqalədəki hər hansı söz təhqiredici deyil. Jurnalsitin 1000 manat cərimələnməsi də düzgün deyil. Çünki iddiaçı məqalənin ona əzab və iztirab verdiyini məhkəmədə sübut edə bilməyib" , o qeyd edib.

Samir Sədaqətoğlu Amerikanın Səsinə müsahibəsində deyib ki, məhkəmə qərarı Azərbaycanda təməl insan haqlarının, söz, mətbuat və ifadə azadlığının növbəti dəfə kobud şəkildə pozulmasıdır.

"Qərarla çox gec tanış olmaq imkanım olub. Hesab edirəm ki, bu məhkəmə qərarı siyasi qərardır və güman edirəm ki, bu mənim xüsusən son zamanlarda Avropadakı ictimai-siyasi fəaliyyətimlə, habelə müxtəlif dövrlərdə burada yayımlanan bir sıra məqalələrimlə bağlıdır. Son anda apellyasiya şikayətini hazırlayıb göndərə bildik".

Samir Sədaqətoğlu: Məhkəmənin qətnaməsi siyasi mühacirlərə təzyiqin davamıdır
please wait

No media source currently available

0:00 0:08:19 0:00

Sədaqətoğlu ölkədaxili məhkəmə instansiyalarında pozulmuş hüquqlarını bərpa etmək mümkün olmasa, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcəyini bildirib.

O, məhkəmə qəraraını "siyasi" hesab edir və siyasi mühacirlərə qarşı son zamanlar həyata keçirilən təzyiqin davamı kimi qiymətləndirir.

"Mən Azərbaycan hökümətini ölkədən min kilometrlərlə uzaqda məni və digər həqiqi siyasi mühacirləri rahat buraxmağa, getdikcə dövlətimizin imicinə daha çox ziyan vuran "siyasi mühacir ovu"na son qoymağa dəvət edirəm. Mən, həmçinin Azərbaycan hökümətini dövlətin enerjisini və resurslarını mənimlə bu cür mənasız, prespektivsiz və qanunsuz formada mübarizəyə sərf etməkdənsə, Avropa İnsan Hüquqları Məhkəməsinin hal-hazırda Avropa Şurası Nazirlər Komitəsinin nəzarətində olan Rafiq Tağı və mənimlə bağlı qərarı ilə əlaqədar prosesi təcili şəkildə sürətləndirməyə, təqribən 10 gün sonra qətlinin 11 ili tamam olacaq mərhum Rafiq Tağının qətli ilə bağlı cinayət işinin icraatını bərpa etməyə və onun qatillərini və bu qətli sifariş verənləri axtarıb taparaq məhkəmə qarşısına çıxarmağa dəvət edirəm" , Samir Sədaqətoğlu bildirib.

Jurnalsit deyir ki, 2011-ci ildə Bakıda qətlə yetirilən publisist Rafiq Tağı və onun özü barəsində üç İran ayətullasının ölüm fətvası var.

"Təhlükə heç zaman istisna olunmayıb. Çünki fətfalar heç zaman qüvvədən düşmür. Gördünüz, Salman Rüştüyə qarşı 40 il sonra hücum oldu. Mən istisna etmirəm ki, mənə qarşı da nə vaxtsa hücum olmayacaq. Amma mən əminəm ki, İsveçrə Konfederasiyası təhlükəsizliyimə təminat verib, onlar məni qoruyurlar".

Daha sonra Samir Sədaqətoğlu qeyd edib: "Bu əsnada diqqətimi çəkən maraqlı bir məqam var. Azərbaycanda haqqımda bu məhkəmə qərarının verilməsi, İsveçrədə süni şəkildə yaradılmış bəzi problemlərlə üzləşməyim və İran İslam Respublikasının Azərbaycana qarşı son dövrlər yenidən fəallaşması - bu üç prosesin təqribən eyni zaman kəsiyində və təqribən paralel olaraq baş verməsi həddindən artıq heyrətimə səbəb olub. Yeri gəlmişkən, Azərbaycan hökümətinə səslənirəm: məni vətənimdən didərgin salmaları kifayət etmirmi? Əgər mən bildiklərimin kiçik bir hissəsini danışmağa başlasam, nələr baş verəcəyini təsəvvür edirlərmi?" , o qeyd edib.

Jurnalist həıyatına təhlükənin hər zaman olduğunu güman edir.

“İsveçrə hökuməti mənə siyasi sığınacaq verib. Mənə bir məktub göndəriblər ki, İsveçrə dövləti təhlükəsizliyimlə bağlı bütün tədbirləri görəcək. Buna baxmayaraq Azərbaycanda olduğu kimi burada da hər zaman ehtiyatlı olmağa üstünlük verirəm. Salman Rüştüyə hücumdan sonra isə daha da ehtiyatlı hərəkət edirəm. Bu həm də insanın daxilindən gələn bir hissdir" , o, Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Lənkəran şəhər Məhkəməsindən jurnalistin və vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb. Bununla yanaşı, məhkəmələr bir qayda olaraq qətnamələrin dövlətin adından çıxarıldığını, narazı tərəfin yuxarı məhkəmə instansiyasına şikayət vermək hüquqnun olduğunu bildirir.

2006-cı ildə "Sənət qəzeti"ndə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə publisist Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.

Yazıçı-publisist Rafiq Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra Rafiq Tağı və Samir Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. "Avropa və biz" yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunub. Məqalə dərc edildikdən sonra Rafiq Tağıya və qəzetin baş redaktoru Samir Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi - Ayətullalar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.

Hər iki yazar 2006-cı ilin noyabrında həbs edilib. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə Rafiq Tağını 3 il, Samir Sədaqətoğlunu 4 il müddətinə azadlıqdan məhrum edib.

5 dekabr 2019-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum Rafiq Tağı və Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti - "Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı" işi üzrə qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq zərbələri alıb, üç gün sonra xəstəxanada müəmmalı şəraitdə vəfat edib.

7 iyul 2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb. AİHM bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu müəyyən edib. Qərara əsasən, Azərbaycan hökuməti iddiaçıya - mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödəməlidir.

RafiqTağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkarların müəyyən edilməsinin mümkün olmaması əsası ilə dayandırılıb. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırılması ilə bağlı qərardan verdiyi bütün şikayətləri rədd edib.

Bununla yanaşı, noyabrın 10-da Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Rafiq Tağıya qarşı cinayəti törətmiş şəxslərin müəyyən edilməsi üçün zəruri istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG