Azərbaycan və Ermənistan sülh prosesində irəliləyişlərdən danışır

ATƏT Nazirlər Şurasının 31-ci iclası (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

“ATƏT Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıb. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Nazirlər Şurasının 31-ci iclasındakı bəyanatında deyilir.

Nazirin fikrincə, nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir.

Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

“Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. Sülh və mehriban qonşuluq münasibətləri, Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz”, o qeyd edib.

Nazir hesab edir ki, Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir.

“Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik”, Bayramov bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Milli Assambleyada hökumət saatında deyib ki, Yerevan və Bakı sülh müqaviləsi layihəsi üzərində işi intensivləşdirəcək.

“İşin 90%-i görülüb, son səyləri göstərmək və sülh müqaviləsini imzalamaq qalır”, o qeyd edib.

O xatırladıb ki, Ermənistan Milli Assambleyası Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiqləyib, qarşılıqlı razılaşma əsasında növbəti günlərdə delimitasiya prosesinə başlanmalıdır.

“Mən Ermənistanın regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm”, Paşinyan bildirib.

Baş nazir Nikol Paşinyan

O, 2021 və 2022-ci illərdə Ermənistanın “200 kvadrat kilometrdən çox ərazisinin tutulduğunu” xatırladıb.

“Amma onu da bildirdik ki, bizim gündəliyimizə bu ərazilərin probleminin hərbi yolla həlli məsələsi daxil deyil və olmayacaq. Sərhədin delimitasiyası komissiyalarının əsasnamələrinin və sərhədlərin delimitasiyası prosesinin təsdiqi bizə imkan verir ki, bütün bu məsələləri danışıqlar və hüquqi əsaslarla həll edək”.

Baş nazir əmin edib ki, Yerevan sülh gündəminə sadiqdir və Ermənistanın heç bir qonşusu ilə hərbi problemi yoxdur.

“Biz sülh sazişi layihəsi üzərində işi intensivləşdirəcəyik, çünki işin 90%-i görülüb, son səyi göstərmək və sülh sazişini imzalamaq qalır. Biz regionda kommunikasiyaların açılması məsələsinin də real həllini təklif etdik, sadəcə addım atmaq və həll etmək qalır. Mənim qiymətləndirməm ondan ibarətdir ki, regionda Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi üçün sadəcə olaraq heç bir əsas yoxdur”, Paşinyan qeyd edib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Tərəflər arasında hələ sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb. Son zamanlar isə sülh danışıqları daha çox ikitərəfli formatda aparılır.

44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.

Bu müharibədə Ermənistanın rəsmi qurumları onlar tərəfdən 4 mindən çox hərbi qulluqçunun itirildiyini bildirib.