Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Duda Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib.
“Biz hər zaman sülh yolu ilə həll yollarını və razılaşma imkanlarını axtarmağa hazırıq,” Andjey Duda noyabrın 26-da Yerevanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında deyib.
Armenpress xəbər agentliyinin məlumatına görə, bölgədəki hazırkı qeyri-stabil vəziyyətə toxunan Polşa Prezidenti Rusiyanın Ukraynaya təcavüzünün Qafqaza da təsir etdiyini bildirib və münaqişənin sülh yolu ilə həllinin həm Ermənistan, həm də Avropa regionu üçün prioritet olduğunu vurğulayıb.
“Mən COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə bu mövzuda danışmışam. Və xatırlatmaq istərdim ki, biz ermənilərin öz torpaqlarında, aydın və sabit sərhədlər daxilində sülh şəraitində yaşamalarını istəyirik. Sülh, əlbəttə Avropa regionu üçün də vacibdir və biz lazım olarsa, kömək etməyə hazırıq,” Prezident Duda qeyd edib.
Öz növbəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan qeyd edib ki, Ermənistan Respublikası qonşuları ilə mövcud problemləri konstruktiv dialoq və danışıqlar yolu ilə həll etmək mövqeyinə sadiqdir.
COP29-un liderlər sammitinə qatılmaq üçün Bakıda olan Andjey Duda noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Rəsmi məlumata görə, tərəflər görüş zamanı iqlim gündəliyi ilə yanaşı ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələləri müzakirə ediblər.
Forum