Accessibility links

Aİ-nin baş diplomatı Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə edib


Kaya Kallas, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi
Kaya Kallas, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Kallas bunu dekabrın 4-də Maltada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra deyib.

“Bu gün mənim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla uğurlu ilk görüşüm oldu. Biz Aİ-Azərbaycan tərəfdaşlığını və Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə etdik. Mən regionda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləməyə hazıram”, Aİ-nin baş diplomatı X səhifəsində yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Aİ münasibətlərinin hazırkı durumu, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, ətraf mühitin qorunması istiqamətində əməkdaşlıq imkanları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

“Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb. Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarının sülh prosesinə maneə təşkil etdiyi qeyd olunub”, XİN-in məlumatında qeyd edilir.

Kaya Kallas və Ceyhun Bayramov
Kaya Kallas və Ceyhun Bayramov

Bundan əlavə, Ceyhun Bayramovun Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) “bəyan olunmuş məqsədlərinə zidd olaraq” Azərbaycan əleyhinə təbliğat kampaniyasının alətinə çevrilməsi ilə bağlı narahatlıq ifadə etdiyi bildirilir.

Ötən həftə Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) Ermənistan-Azərbaycan sərhəd bölgəsində yerləşən müşahidə məntəqəsini ziyarət etməsi rəsmi Bakının etirazına səbəb olmuş, noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı.

Estoniyanın keçmiş Baş naziri Kaya Kallas dekabrın 1-dən etibarən İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti kimi fəaliyyətə başlayıb. O, bu vəzifədə Cozep Borrelli əvəzləyib.

Kaya Kallas ötən gün Maltada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da ikitərəfli görüş keçirib.

Forum

XS
SM
MD
LG