Accessibility links

Tbilisidə Azərbaycan və Ermənistan politoloqlarının, jurnalistlərinin və ekspertlərinin görüşü keçirilir


Azərbaycan və Ermənistan politoloqlarının, jurnalistlərinin və ekspertlərinin görüşü (Mənbə: Sosial şəbəkə)
Azərbaycan və Ermənistan politoloqlarının, jurnalistlərinin və ekspertlərinin görüşü (Mənbə: Sosial şəbəkə)

Tbilisidə Bakı və Yerevan Press klublarının birbaşa təşəbbüsü ilə “Azərbaycan və Ermənistan cəmiyyətləri arasında hərtərəfli dialoqu genişləndirmək” layihəsi çərçivəsində görüş keçirilir. Görüşdə hər tərfədən 20-dən çox politoloq, jurnalist və ekspert iştirak edir. Toplantıya həmçinin Gürcüstan nümayəndələri də qatılıb.

Bu barədə Amerikanın Səsinə görüşdə iştirak edən Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib.

Azərbaycan və Ermənistan politoloqlarının, jurnalistlərinin və ekspertlərinin görüşü (Mənbə: Sosial şəbəkə)
Azərbaycan və Ermənistan politoloqlarının, jurnalistlərinin və ekspertlərinin görüşü (Mənbə: Sosial şəbəkə)

Onun sözlərinə görə, noyabrın 29-da başlayan görüş dekabrın 2-dək davam etdiriləcək.

“Müzakirə olunan məsələlərin əhatə dairəsi çox genişdir. Ermənistan və Azərbaycan arasındakı indiki münasibətlər, sülh sazişinin hazırlanması ilə bağlı proseslər, cəmiyyətlərin sülhə münasibəti, Azərbaycan və Ermənistan cəmiyyətində fərqli fobiyalara (təşviş və ya qorxu hissi-red) münasibət, tərəflər arasında informasiya `müharibəsi`nin mahiyyəti, onun dayandırılması, iki ölkənin mediası arasında əlaqələrin vacibliyi, Zəngəzur koridoru ilə bağlı proseslər, ona Ermənistan və Azərbaycan cəmiyyətinin münasibəti və başqa bu kimi məsələlər geniş spektrdə müzakirə olunur. Müzakirələrdə məsələlərə ortaq mövqeyin formlaşaması ilə bağlı fikir mübadiləsi aparılır. Mətbuatda qarşılıqlı təhqirlərin olmaması haqqında söhbət gedir”, o qeyd edib.

Məhərrəmli hesab edir ki, müzakirələr səmərəli keçir.

“Çünki görüşdə Azərbaycan və Ermənistan cəmiyyətində fəal mövqedə dayanan jurnalistlər, politoloqlar, siyasi, hərbi və nəqliyyat vasitələri üzrə ekspertlərin çıxışları dinlənilir. Geniş spektrdə sual-cavab sessiyaları keçirilir. Daha sonra müzakirələr aparılır. Bu baxımdan həm əlaqələrin mövcudluğu, problemlərə hər iki ölkənin müstəqil şəxslərinin birbaşa yanaşması mühüm əhəmiyyət kəsb edir”, Məhərrəmli qeyd edib.

Azərbaycan və Ermənistan politoloqlarının, jurnalistlərinin və ekspertlərinin görüşü (Mənbə: Sosial şəbəkə)
Azərbaycan və Ermənistan politoloqlarının, jurnalistlərinin və ekspertlərinin görüşü (Mənbə: Sosial şəbəkə)

Xatırladaq ki, iki ölkənin Press Klubları bundan öncəki illərdə də belə görüşlər təşkil edib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Tərəflər arasında hələ sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 8-də yaydığı bəyanatda bildirir ki, Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub. Ancaq sülh prosesinin uğurla yekunlaşmasının qarşısında çağırış və təhdidlər hələ də qalır.

Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsində israr edir. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında isə deyilir ki, ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur.

Yerevan bir neçə dəfə sülh sazişini razılaşdırılmış maddələr üzrə imzalamağı təklif edib. Bakı isə bunu real saymır, "yarımçıq sülh"ü qəbul etmədiyini bildirir.

44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.

Bu müharibədə Ermənistanın rəsmi qurumları isə onlar tərəfdən 4 mindən çox hərbi qulluqçu itirdiklərini bildirib.

Forum

XS
SM
MD
LG