Accessibility links

Azərbaycanda Zəfər Günü qeyd edilir


Zəfər Günü qeyd edilir
Zəfər Günü qeyd edilir

Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd edilir. Bakıda bir sıra yerlərdə hərbi yürüşlər planlaşdırılır.

Zəfər Günü 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamı əsasında təsis edilib.

Zəfər Günü Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınmış ərazilərinin ermənilərin nəzarətində olan hissəsini azad etməsi münasibəti ilə təsis edilib.

2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağda yerləşən, mühüm starateji əhəmiyyət kəsb edən Şuşa şəhərini noyabrın 8-də azad edib. Azərbaycan prezidenti Şuşanın azad olunması gününün hər il Zəfər Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.

Azərbaycan XİN noyabrın 8-də yaydığı bəyanatda bildirir ki, Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub. Ancaq sülh prosesinin uğurla yekunlaşmasının qarşısında çağırış və təhdidlər hələ də qalır.

Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsində israr edir. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında isə deyilir ki, ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur.

Yerevan bir neçə dəfə sülh sazişini razılaşdırılmış maddələr üzrə imzalamağı təklif edib. Bakı isə bunu real saymır, "yarımçıq sülh"ü qəbul etmədiyini bildirir.

44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.

Bu müharibədə Ermənistanın rəsmi qurumları isə onlar tərəfdən 4 mindən çox hərbi qulluqçu itirdikləri bildirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG