Accessibility links

Azərbaycan Prezidenti ABŞ-ın COP29-da nümayəndə heyəti ilə görüşüb


İlham Əliyev və Avqust Pflüger (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası )
İlham Əliyev və Avqust Pflüger (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası )

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasında (COP29) müzakirə edilən məsələlər, yaşıl enerjiyə keçid və Azərbaycan-ABŞ əlaqələri diqqət mərkəzində olub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, Prezident Əliyev deyib ki, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılmasına baxmayaraq, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib.

“COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir”, Əliyev qeyd edib.

Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları bu istiqamətdə ümidverici addım kimi qiymətləndirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və Azərbaycanın yaşıl keçid strategiyası məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-ın ölkəsinə dəstəyini xatırladıb, enerji strategiyasının inkişafında onun dəstəyini qeyd edib.

Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

O, ölkəsinin Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.

İlham Əliyev son 30 ildə iki ölkə arasında müxtəlif sahələrdə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığı qeyd edib.

Prezident Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxunub, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırladıb, bu müqavilənin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğulayıb, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini deyib.

Məlumatda deyilir ki, dövlət başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışarkən ölkəsinin 2027-ci ilədək enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirib.

Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə də toxunub, dövlətinin Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd edib.

Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan Əliyev qeyd edib ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.

Prezident Əliyev Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirib.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.

Azərbaycan-Ermənistan sülh prosesindən danşıan Əliyev Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib.

Söhbət zamanı regional və beynəlxalq məsələlər, ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olunub, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.

Forum

XS
SM
MD
LG