Jurnalist Hafiz Babalı evində aparılan axtarışla bağlı şikayət verəcəyini bildirib

Hafiz Babalı

Jurnalist Hafiz Babalı ona qarşı irəli sürülən ittihamı qəbul etmir. O, əvvəlki mövqeyində qalır və həbsinin səbəbini jurnalsit fəaliyyəti ilə əlaqələndirir.

Bu barədə vəkil Rəsul Cəfərov bu gün, dekabrın 26-da 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşündən sonra Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, istintaq davam etsə də Hafiz Babalı ilə bağlı hələ istintaq hərəkətləri aparılmır.

“Yəqin ki, növbəti həftələrdə istintaq hərəkətləri aparılacaq”.

Vəkil bildirib ki, Hafiz Babalının evində axtarışla bağlı şikayət verəcəklər.

“Hələ axtarış qərarı Hafiz Babalıya və müdafiə tərəfinə təqdim edilməyivb. Axrtarış qərarının təqdim edilməsi ilə bağlı istintaq orqanına müraciət etmişik. Yəqin ki, axtarış qərarını alandan sonra mübahisələndirəcəyik”, o qeyd edib.

Cəfərov jurnalistin səhhətinin normal olduğunu və saxlanma şəraiti ilə bağlı şikayətinin olmadığını bildirib.

Dekabrın 13-də Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb. O, "Abzas Media" jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.

Dekabrın 14-də Bakının Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi Hafiz Babalının barəsində verilmiş apellyasiya şikayətlərini təmin etməyib.

Araşdırmaçı jurnalistin həbsi çoxsaylı beynəlxalq təşkilatllar, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Hafiz Babalı son günlər Azərbaycanda həbs edilən 8-ci jurnalistdir.