İran-Azərbaycan münasibətlərinə Tehrandan və Bakıdan rəsmi baxış

Azərbaycan və İran bayraqları

İyunun 12-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani ənənəvi brifinqdə İran-Azərbaycan münasibətlərindəki son gərgin durumla bağlı aparılan müzakirələrdən danışıb və Tehrandakı Azərbaycan səfirliyinin diplomatik fəaliyyətini bərpa edəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Azərbaycan səfirliyinə terror hücumunun təşkilatçılarının cəzalandırılmasının vacibliyini bildirib.

Nasir Kənani brifinqdə bildirib ki, iki ölkənin xarici işlər nazirləri arasında dörd raund danışıqlar müxtəlif fasilələrlə baş tutub.

“Bu, İranla Azərbaycan arasında münasibətlərin idarə edilməsi üçün iradənin mövcudluğundan xəbər verir. Xarici işlər nazirləri arasında aparılan danışıqların son raundunda bəzi icra addımları, o cümlədən gərginliyin aradan qaldırılması üçün iki ölkə arasında bəzi texniki və ixtisaslaşdırılmış nümayəndə heyətlərinin mübadiləsi razılaşdırılıb,” o bildirib.

Kənani deyib: “Biz düşünürük ki, atdığımız diplomatik hərəkətlər nəticəsində gərginliyin nəzarəti ilə bağlı müsbət nəticəyə gəldik. İndi isə gərginlik mərhələsindən yeni mərhələyə keçmək və Azərbaycanın Tehrandakı səfirliyinin rəsmi fəaliyyətinin bərpası üçün müzakirələr mərhələsindəyik. Yeni icra addımlarının atılması üçün dialoqa və fikir mübadiləsinə ehtiyacımız var”.

O həmçinin bildirib ki, İranın dünyanın müxtəlif ölkələri ilə siyasəti qarşılıqlı hörmətə, dostluq münasibətlərinin qorunmasına əsaslanır.

“Bu məsələ sözsüz ki, qonşularla münasibətdə prioritet məsələdir. Biz Azərbaycanla da eyni şeyi arzulayırıq. İki ölkənin ümumi maraqları əsasında münasibətlərin qorunub saxlanılması üçün əlimizdən gələni edəcəyik. Hazırkı mərhələdən yeni mərhələyə keçiddə anlaşılmazlıqlar aradan qaldırılar. Düşünürəm ki, biz indiyə qədər yaxşı addımlar atmışıq. Ümid edirik ki, Azərbaycan dövlətinin qarşılıqlı addımları ilə indiyə qədər etdiyimiz səylərlə müsbət nəticələr əldə edə bilərik. Azərbaycanla bağlı siyasətimiz gərginlik yaratmaq deyil, iki ölkə arasında münasibətlərin dostluq çərçivələrini deeskalasiya etmək və əlaqələr prosesini birgə əməkdaşlığa əsaslanan dost və konstruktiv yoluna qaytarmaqdır”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin bəyanatını şərh edərkən bildirib ki, son zamanlar Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib.

“Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir,” Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib.

İkinci Qarabağ Müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildiriblər.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Eyni zamanda, bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.