Azərbaycan zəlzələ bölgəsində tikinti işlərinə 100 milyon dollar ayırıb

Azərbaycan xarici işlər naziri donor konfransında (Rəsmi foto)

“Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Azərbaycan bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyini elan edib.

Nazir Ceyhun Bayramov martın 20-də Brüssel şəhərində keçirilən donor konfransında çıxışında bildirib ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycanın Türkiyəyə dəstəyini nümayiş etdirirək, dərhal axtarış və xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərib.

“Azərbaycan bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri göndərib, bölgəyə 5300 tondan artıq humanitar yük göndərilib, indiyə qədər Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib”, o qeyd edib.

Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının iştirakı ilə keçirilmiş konfrans Türkiyə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək göstərilməsi məqsədilə təşkil olunub.

Konfransa ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış edib.

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.