Accessibility links

Azərbaycan xilasediciləri zəlzələ bölgəsində dağıntılar altından 51 nəfəri sağ çıxarıb


Kahramanmaraş, Türkiyə. Zəlzələnin fəsadları (10 fevral, 2023)
Kahramanmaraş, Türkiyə. Zəlzələnin fəsadları (10 fevral, 2023)

Azərbaycanın çevik xilasetmə qüvvələri Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün əməliyyatları davam etdirir. Eyni zamanda Azərbaycanda yardım kampaniyası da davam edir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Azərbaycan xilasediciləri Kahramanmaraş rayonu ərazisində dağıntılar altından ümumilikdə 51 nəfəri sağ çıxarıb, 518 nəfərin isə cəsədini aidiyyəti üzrə təhvil verib.

Fövqəladə Hallar Nazirliyinin yardım karvanı (Mənbə Fövqəladə Hallar Nazirliyi)
Fövqəladə Hallar Nazirliyinin yardım karvanı (Mənbə Fövqəladə Hallar Nazirliyi)

Nazirliyin rəsmisi bildirib ki, indiyədək Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ zonasına 2 mobil səhra hospitalı, 2 630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20 000 ədəd corab, 8 000 ədəd geyim dəsti, 650 ədəd masa, 2 000 ədəd oturacaq, 7 000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.

Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə nazirliyin 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi fevralın 12-də Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.

Lənkərandan Türkiyəyə humanitar yardım göndərilib (Foto Lənkəran şəhər İcra Hakimiyyətinindir)
Lənkərandan Türkiyəyə humanitar yardım göndərilib (Foto Lənkəran şəhər İcra Hakimiyyətinindir)

Azərbaycanda Türkiyəyə humanitar yardım kampaniyası ölkənin bütün regionlarını əhatə edir.

Bakıda yardımlar əsasən Heydər Əliyev adına İdman-Konsert Kompleksində toplanılır. Bununla yanaşı Bakıda digər ünvanlarda da yardımların toplanma məntəqələri mövcuddur.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində könüllü kimi çalışan Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy yerli mediaya bildirib ki, zəlzələ baş verəndən indiyədək Türkiyəyə İdman-Konsert Kompleksində toplanan yüzdən çox TIR-lə yardım göndərilib.

Onun sözlərinə görə, hər gün orta hesabla 22-25 TİR yardım göndərilir.

Azərbaycanın regionlarında həm dövlət təşkilartları, həm də ictimaiyyət tərəfindən toplanan yardımlar zəlzələ bölgəsinə yola salınır.

Fevralın 11-də Gəncə şəhərindən 11, Naxçıvandan ümumilikdə 46 TIR yardım göndərilib.

Şəki, Balakən, Göygöl, Zərdab, Ucar, Göyçay, Masallı, Şəmkir, Beyləqan, Tərtər, Ağdam, Yevlax, Füzuli, Lənkəran, Samux və Gədəbəy rayonlarından da yardımlar yola salınıb.

Müdafiə Nazirliyinin Türkiyəyə humanitar yardımı (Mənbə Müdafiə Nazirliyi)
Müdafiə Nazirliyinin Türkiyəyə humanitar yardımı (Mənbə Müdafiə Nazirliyi)

Göndərilən yardımlar əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.

Azərbaycab Müdafiə Nazirliyi isə fevralın 12-də Türkiyəyə qış səhra çadırları və fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə generatorlar yola salıb.

XS
SM
MD
LG