Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar. Bundan əvvəl isə onlar dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadını sağ xilas ediblər.
Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin digər məlumatında deyilir ki, Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Kahramanmaraş rayonu ərazisində dağıntılar altından 50 nəfəri sağ, 290 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Bununla yanşı Azərbaycanda həm rəsmi qurumlar, həm də ictimaiyyət Türkiyədə zəlzələdən zərər çəkənlərə yardımı davam etdirir. Azərbaycanın yardımlarının milyonlarla dollar səviyyəsində olduğu bildirilir.
Fevralın 11-də Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə 1015 çadır və 240 soba və digər zəruri məhsullar olan humanitar yardım karvanı Türkiyəyə yola düşüb.
Bununla yanaşı Gəncə, Qazax, Lənkəran, Gədəbəy, Göygöl və digər bölgələrdən də humanitar yardım karvanları yola salınıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanın Türkiyədə zəlzələ bölgəsində 745 nəfərlik tibbi və xilasedici heyəti işləyir.