Accessibility links

Azərbaycan xilasediciləri Türkiyədə 26 nəfəri dağıntılardan sağ çıxarıb, Bakıda könüllülər ianə toplamağa davam edir


Hərbi tibbi personal Türkiyəyə yola düşərkən (Foto Müdafiə Nazirliyinindir)
Hərbi tibbi personal Türkiyəyə yola düşərkən (Foto Müdafiə Nazirliyinindir)

Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Nazirliyin rəsmi məlumatına görə, FHN-nin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Məlumatda deyilir ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Azərbaycan zəlzələdə xəsarət alanların müalicəsi üçün iki min çarpayı ayırıb

Azərbaycan Türkiyədə zəlzələ nəticəsində xəsarət alan insanların müalicəsi üçün tibb müəssisələrində iki min çarpayı ayrılıb.

Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyə səhiyyə naziri Fahrettin Koca ilə telefon danışığı zamanı deyib.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Teymur Musayev Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.

Nazir bildirib ki, həmin məqsədlə ümumilikdə tibb müəssisələrində iki min çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır.

İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə baş çəkib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin Azərbaycandakı səfirliyində olub, zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən Türkiyənin yanındadır.

“Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu kömək edir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar”.

Prezident bildirib ki, Azərbaycanın özəl şirkətlər artıq fəaliyyətə keçib və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıb.

“Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”.

Əliyev deyib ki, Azərbaycanda bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verib.

“O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq”.

Dövlət başçısı əmindir ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. “Tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”, Prezident Əliyev qeyd edib.

"201 nəfər Azərbaycan vətəndaşları Türkiyədən təxliyyə olunub"

"Fevralın 7-dən etibarən 201 nəfər Azərbaycan vətəndaşları Türkiyədən təxliyyə olunub".

Bu barədə Amerikanın Səsinə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.

“Bundan əlavə tələbələrin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Hal-hazırdan hər hansı dolğun məlumat mövcud deyil. Ərazidə siyahıyaalmalar da həyata keçirilir”, o qeyd edib.

Humanitar yardım karvanı (Foto Fövqəladə Hallar Nazirliyinindir)
Humanitar yardım karvanı (Foto Fövqəladə Hallar Nazirliyinindir)

Azərbaycandan Türkiyəyə daha iki humanitar yardım karvanı göndərib

Fevralın 8-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı təyyarə və yük avtomobilləri ilə Türkiyəyə göndərilib.

Nazirliyin məlumatında deyilir ki, təyyarə ilə göndərilən humanitar yardıma ümumilikdə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

Nazirliyin digər məlumatına görə isə bu gün daha 13 yük avtomobili və bir müşahidə nəqliyyat vasitəsi ilə də bu ölkəyə humanitar yardım yola salınıb.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının hərbi hissə komandirinin müavini Fərid Qəhrəmanov deyib ki, bu gün zəlzələ bölgəsinə çatması gözlənilən humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

Humanitar yardım (Foto Fövqəladə Hallar Nazirliyinindir)
Humanitar yardım (Foto Fövqəladə Hallar Nazirliyinindir)

Fevralın 6-dan hazırkı ana kimi Azərbaycandan Türkiyəyə rəsmi qurumlar tərəfindən 7 təyyarə və 1 avtomobil karvanı ilə humanitar yardım göndərilib.

Belə ki, fevralın 6-dan indiyədək Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Bununla yanaşı, Müdafiə Nazirliyinin 20 nəfəfrlik hərbi tibbi personalı zəlzələ zonasındadır.

Eyni zamanda ölkə ictimaiyyəti topladığı yüz tonlarla humanitar yardımı TİR-lər vasitəsi ilə Türkiyəyə yola salıb.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Türkiyəyə himanitar yardım toplanır
Türkiyəyə himanitar yardım toplanır

Azərbaycan ictimaiyyəti Türkiyəyə yardım kampaniyasını davam etdirir

Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım toplanması üçün Bakıda daha bir neçə ünvan ayrılıb.

ASAN Xidmətin məlumatına görə, yardımlar paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şosesi 22 - Binə bazarının yaxınlığında yerləşən Aqro terminalda və Ağ şəhər - Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.

Xatırladaq ki, Bakıda fevralın 7-də Babək prospektindəki “Doğtaş” mebel mağazasının anbarlarına humanitar yardımların toplantısı başlayıb. Lakin bir neçə saata bu mağazanın anbarlarına minlərlə insan yardımlar təqdim edib. Yardımlar o qədər çox olub ki, bu istiqamətdə küçələrdə də on tonlarla yardım toplanıb və artıq küçələrdə belə yer tükənib. Bu səbəbdən fevralın 8-də yardımlar daha böyük sahəsi olan Bakı Əl Oyunları Sarayında və Tbilisi prospektindəki Heydər Əliyev adına İdman və Konsert Kompleksində toplanır.

Türkiyəyə himanitar yardım toplanır
Türkiyəyə himanitar yardım toplanır

Fevralın 8-nə olan məlumata görə Azərbaycanda Türkiyənin zəzlzələ bölgəsinə kömək məqsədi ilə ictimai qaydada yüz tonlarla humanitar yardımlar, geyim, ərzaq, gigiyenik məhsullar, yataq dəstləri, generatorlar toplanaraq yola salınıb. Hazırda yardım kampaniyaları davam edir.

Azərbaycan vətəndaşları sutka ərzində ictimai qaydada yardım mərkəzlərinə zəruri məhsullar və ləvazimatlar təhvil verir. Bu səbəbdən yardım mərkəzlərində böyük növbələr yaranıb.

Azərbaycan bankları AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

Azərbaycanda banklar vasitəsilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) ianələr şəklində dəstək göstərilərkən bank komissiyaları tutulmayacaq.

Bu barədə fevralın 8-də Azərbaycan Banklar Assosiasiyasının geniş tərkibdə keçirilən növbədənkənar iclasda qərar verilib.

“Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul etmişdir”məlumatda deyilir

XS
SM
MD
LG