Accessibility links

Azərbaycan xilasediciləri Kahramanmaraşda 760 çadır qurub


Azərbaycan xilasediciləri Karamanmaraşda 760 çadır qurub (Foto Fövqəladə Hallar Nazirliyinindir)
Azərbaycan xilasediciləri Karamanmaraşda 760 çadır qurub (Foto Fövqəladə Hallar Nazirliyinindir)

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə yardımlarını davam etdirir.

Fevralın 17-də Azərbaycanın Cəlilabad, İmişli, Ağstafa, Abşeron, Goranboy, Tərtər və digər rayonlarının icra hakimiyyətləti hər birində 10 nəfərədək insanın yaşaya biləcəyi 22 ədəd modul tipli evi zəlzələ bölgəsinə yola salıb. Yerli icra hakimiyyəti orqanları yaxın zamanda əlavə olaraq 43 ədəd müasir modul tipli evi də təbii fəlakət bölgələrinə göndərəcək.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib ki, Azərbaycandan göndərilən modul tipli evlər Kahramanmaraşda toplanacaq.

Səfir qeyd edib ki, orada böyük bir məhəllə qurulacaq.

"Bu proses Azərbaycan Fövqəladə Hallar Nazirliyi və AFAD (Türkiyənin Fövqəladə Vəziyyət üzrə Dövlət Agentliyi) tərəfindən həyata keçiriləcək", o qeyd edib.

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkmiş insanlar üçün artıq 760 çadır qurub.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmisi Xaliq Hüseynov bildirib ki, zəlzələ zonasında Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə qrupu işləyir və onlar durum normallaşana qədər Türkiyədə qalacaq.

"Hazırda Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Kahramanmaraşda işləyir. İndiyədək 760 çadır qurulub. Hazırda da çadırqurma işlərini davam etdiririk. Çadırlarda yerləşdirilən zərərçəkmişlərin yeməklərini də biz təmin edirik. Çadırlarımız altı nəfərlikdir və odun sobası ilə yanaşı elektrik enerjisi ilə də təmin olunub. Çadırları yataq və digər bütün avadanlıqlarla təmin etmişik”, o qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti bildirir ki, Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda baş verən zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərməyə davam edir.

“Növbəti 36 cərrahi əməliyyatı uğurla icra edən tibb personal eyni zamanda xəsarət alan 223 nəfərə ambulator yardım göstərib. İndiyədək Azərbaycan Ordusunun tibb personalı tərəfindən ümumilikdə 61 cərrahi əməliyyat icra olunub, 419 nəfər müayinə edilib və onlara ambulator yardım göstərilib”, məlumatda qeyd edilir.

Fövqəladə Hallar Nazirliyinin iki mobil səhra hospitalı Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

“Hospitallarda ötən günlər ərzində 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib”, Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub.

Məlumatda deyilir ki, hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir.

“Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb”, Xarici İşlər Nazirliyi qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG