Accessibility links

Xilasedicilər 198 saat dağıntılar altında qalan iki qardaşı xilas edib


Kahramanmaraş, Türkiyə. Zəlzələnin fəsadları (10 fevral, 2023)
Kahramanmaraş, Türkiyə. Zəlzələnin fəsadları (10 fevral, 2023)

Azərbaycan xilasedicilərinin Türkiyə və Belarusdan olan xilasedicilərlə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunub.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliynin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Azərbaycan zəlzələ bölgəsinə yardımların göndərilməsi də davam etdirilir.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycandan zəlzələ bölgəsinə 5 624 çadır çatdırılıb.

“Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator, 6240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, papaq da önəmlidir”.

Cahit Bağçı yardım etmək istəyənlərə müraciət edərək artıq geyim əşyaları göndərməmələrini xahiş edib.

“Çünki çox sayda geyim yığılıb və hazırda onların paylanılmasına başlanılıb. Yardım etmək istəyənlər daha çox çadır və generatorlar göndərə bilərlər”, o qeyd edib.

XS
SM
MD
LG