Accessibility links

Türkiyədə zəlzələ: Xilasetmə işləri davam edir, dağıntıların təmizlənməsi işləri başlayıb


Türkiyəli xilasedicilər Türkiyənin cənubunda Adıyamanda çökmüş binanın dağıntıları altında sağ qalanları axtarır.
Türkiyəli xilasedicilər Türkiyənin cənubunda Adıyamanda çökmüş binanın dağıntıları altında sağ qalanları axtarır.

Türkiyə və Suriyada fevralın 6-da baş verən 7,8 bal gücündə zəlzələdən sonra xilasedicilər bazar günü dağıntılar altından sağ qalanları çıxarmağa davam edirlər.

Verilən məlumatlara görə, Türkiyə və Suriyada zəlzələ nəticəsində 33 mindən çox insan həyatını itirib, milyonlarla insan evsiz qalıb.

Hər iki ölkədə yaralıların sayının 80 mini ötdüyü bildirilir.

BMT-nin humanitar yardım işləri üzrə rəhbəri Martin Qriffits ölənlərin sayının iki dəfə artıq olacağını gözlədiyini bildirib.

Suriyanın üsyançıların nəzarətində olan şimal-qərb bölgəsi ölkənin zəlzələ nəticəsində ən çox zərər çəkmiş regionudur.

Xilaetmə əməliyyatları ilə yanaşı dağıntıların təmizlənməsi işləri davam edir. Türkiyədə dağıntıların təmizlənməsi işlərində 70 ölkədən xilasedicilər və həkimlər iştirak edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin “əsrin fəlakəti” olduğunu deyib.

Şənbə günü Türkiyədə rəsmilərin bildirdiyi kimi zəlzələ zamanı və sonra çökən binaların keyfiyyətsiz tikintisinə görə məsuliyyət daşıyan onlarla kontraktorun saxlanılmasına başlanılıb. 100-dən çox şübhəlinin həbs edildiyi bildirilir. Təxminən 50 nəfər qarət etdiklərinə görə saxlanılıb. Prezident Rəcəb Tayyib Ərdoğan onların cəzasız qaçmayacaqlarını bildirib.

Türkiyə Memarlar Palatasının prezidenti Eyüp Muhçu Associated Press agentliyinə bildirib ki, yıxılan binaların çoxu Türkiyənin tikinti qaydaları nəzərə alınmadan keyfiyyətsiz materiallar və üsullarla tikilib.

Seysmoloq və Şimal-Qərb Universitetinin professoru Susan van der Lee Amerikanın Səsinin Türk xidmətinin müxbiri Özlem Tinazla müsahibəsində deyib ki, “Belə zəlzələlər olacaq...biz sadəcə bunun nə vaxt olacağını bilmirik. Ona görə də ən yaxşısı mümkün qədər buna hazır olmaq, mümkün qədər təhlükəsiz binalar tikmək və yerin silkələnməsini hiss edəndə nə edəcəyinizi dəqiq bilməkdir”.

Fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində və Suriyanın bir sıra bölgələrində 7,8 bal gücündə ilk zəlzələ, bundan bir neçə saat sonra zəlzələnin episentri yaxınlığında 7,6 bal gücündə ikinci zəlzələ baş verib.

Türkiyədə üç ay müddətində fövqəladə vəziyyət elan edilib.

XS
SM
MD
LG