Accessibility links

Avropa Komissiyası Türkiyəyə zəlzələdən sonra dəstəyi davam etdirəcəyini bildirir


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Belçika paytaxtı Brüsseldə keçirilən Avropa liderlərinin sammitində mətbuat konfransı zamanı çıxış edir, 10 fevral 2023.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Belçika paytaxtı Brüsseldə keçirilən Avropa liderlərinin sammitində mətbuat konfransı zamanı çıxış edir, 10 fevral 2023.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen fevralın 12-də Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı zəlzələ nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı ifadə edib və Avropa İttifaqının Türkiyəyə bundan sonra dəstəyi ilə bağlı atılacaq addımları müzakirə edib.

“Dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılara görə Türkiyə xalqına dərin hüznlə başsağlığı vermək və əlavə dəstəyi müzakirə etmək üçün prezident Ərdoğanla telefonla danışdım”, Ursula von der Leyen rəsmi Twitter səhifəsində açıqlama verib.

Telefon söhbəti ilə bağlı Avropa Komissiyasının açıqlamasında Ursula Von der Leyenin prezident Ərdoğana Komissiyanın əlavə dəstəyi səfərbər edəcəyini və Türkiyənin daha çox sığınacaq, xüsusilə də çadırlar, ədyallar, qızdırıcılar ilə bağlı son müraciətinə cavab verəcəyini bildirdiyi deyilir. Komissiyanın həmçinin lazımi dəstəyi mümkün qədər tez təmin etmək üçün özəl sektoru səfərbər etdiyi bildirilir.

Açıqlamada Avropa Komissiyasının ilk andan Türkiyə xalqının yanında olduğu və zəlzələdən sonra müxtəlif bölgələrdə qısa zamanda dəstək verdiyi qeyd edilir. Eyni zamanda, Avropa İttifaqının Türkiyəyə Aİ Mülki Müdafiə mexanizmi vasitəsilə artıq əhəmiyyətli dəstək verdiyi bildirilir.

Bu dəstək çərçivəsində Avropa İttifaqının 21 üzvü və Aİ Mülki Müdafiə mexanizminə üzv olan 3 ölkə tərəfindən 1651 nəfərdən ibarət 38 təcili yardım qrupu və 106 axtarış-xilasetmə iti təmin edilib. Açıqlamada həmçinin Avropa İttifaqına üzv olan 12 ölkənin 50 min ailə üçün qış çadırı, 100 min ədyal və 50 min qızdırıcı verdiyi qeyd olunub.

Həmçinin bildirilib ki, Komissiyanın Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzinin ehtiyatlarından İsveçdən 500 təcili sığınacaq, Rumıniyadan 2000 çadır və 8 min çarpayının Türkiyəyə göndərilməsi təmin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG