Accessibility links

Ərdoğan gələn ay hökumətinin Hatayda 200 minə yaxın yeni evin tikintisinə başlayacağını deyib


Təxminən 45 minə yaxın insanın ölümünə səbəb olan güclü zəlzələdən iki həftə sonra bazar ertəsi Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.

Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.

Yeni zəlzələ Suriya, İordaniya, Livan və Misir də daxil olmaqla, bir çox ölkədə hiss olunub. Bu zəlzələnin ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.

"Birdən bina silkələndi. Mən dərhal ikinci mərtəbədən aşağı qaçdım. Çox güclü silkələnirdi. Bu, çox üzücüdür," Qaziantep sakini Əhməd Kılıç Amerikanın Səsinin Türk Xidmətinə deyib.

O, tək yaşadığı üçün evinə qayıtmağa qorxduğunu bildirib.

Digər Qaziantep sakini Zeynep Deveci Amerikanın Səsinə fevralın 6-da baş verən zəlzələdən sonra evinə yenicə qayıtdığını deyib. "Dünən qayıtdım, bu gün yenə küçədəyik. Axırımız necə olacaq, bilmirik" - deyə, o bildirib.

Xilasedicilər Hatayda insanların olduğu ehtimal edilən bir neçə dağılmış binada axtarış aparıblar.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Hələbdə 6 nəfər yaralanıb.

Bazar ertəsi BMT-nin yardım karvanı Suriyaya yeni açılan Əl-Rayi sərhəd məntəqəsindən keçib.

BMT-nin sözçüsü Stefan Dejarrik bildirib ki, hazırda BMT-nin Suriyaya daxil olması üçün tam fəaliyyət göstərən üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.

Onun sözlərinə görə, BMT hazırda Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan ərazilərə 227 yük maşını göndərib və bildirib ki, hər üç sərhəd-keçid məntəqəsinə daha çox yük maşını göndərmək üçün hazırlıqlar gedir.

Türkiyə prezident Rəcəp Tayyib Ərdoğan bazar ertəsi səhər saatlarında Hataya gedib və hökumətinin gələn ay vilayətdə 200 minə yaxın yeni evin tikintisinə başlayacağını bildirib.

Bazar ertəsi Ərdoğan Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşüb. Blinken bir gün əvvəl ABŞ-ın Türkiyə və Suriyaya 100 milyon dollarlıq əlavə yardım vəd etdiyini açıqlayıb.

Yeni yardım ABŞ-ın ümumi yardımını 185 milyon dollara çatdırır ki, bu yardım xilasetmə və bərpa işlərində iştirak etmiş beynəlxalq və qeyri-hökumət qruplarına veriləcək.

XS
SM
MD
LG