Yanvarın 11-də hazırda həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu və ictimai fəal Murad Quliyev Azərbaycanın Vaşinqtondakı səfirliyinin binasının qarşısında "Siyasi məhbuslara azadlıq!", "Tofiq Yaqubluya azadlıq!" şüarları ilə etiraz aksiyası keçirib. Onlar, həmçinin uca səslə "Siyasi məhbuslara və Tofiq Yaqubluya azadlıq!" şüarları deyib, səfirliyin binasının qarşısındakı dirəklərə şüarlar yapışdırıb.
Murad Quliyev aksiyanı Facebook səhifəsində canlı yayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi aksiyaçıların qarşısına çıxıb.
"Tofiq Yaqublu 7 gündür aclıq edir, vəziyyəti ağırdır. Azərbaycan səfirliyindən istəyimiz odur ki, buna diqqət yetirəsiniz. Siz burada hər hansı ailəni, şəxsi maraqları deyil, Azərbaycan dövlətini təmsil edirsiniz. Bu düzdürmü? Biz demokratiyanın beşiyi olan Vaşinqton şəhərindəyik. Düşüncəmlə Siz Azərbaycan vətəndaşı olaraq haqsızlığa görə müxtəlif qurumlara mütraciət etməlisiniz. Əgər qorxursunuzsa deyin, biz də bilək ki, Siz burada şəxsi maraqları təmsil edirsiniz. Bununla məsələ bağlansın, biz də buraya gəlməyək. Əgər dövləti təmsil edirsinizsə bizə dəstək olun. İnsan ölüm vəziyyətindədir" , Murad Quliyev birinsi katiblə dialoqunda deyib.
Birinci katib bildirib ki, bununla bağlı Azərbaycanda müvafiq qurumlara müraciət etsinlər.
"Səfriliyin fəaliyyəti ikitərəfli əlaqələrin təşviqi və ABŞ-da olan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsidir" , o qeyd edib.
Bu zaman Quliyev deyib ki, Azərbaycanda bütün müvafiq qurumlara müraciət olunub.
Səfriliyin nümayəndə məsləhət bilib ki, rəsmi qaydada səfirliyə müraciət etsinlər və ərazini tərk edib.
Yaqublunun oğlu səsgücləndirici vasitəsilə səfirliyə müraciət edərək deyib ki, atasının vəziyyəti kritikdir.
"Hazırda atam Bakıda 6 saylı xəstəxanaya yerləşdirilirb. Hələ də aclığı davam etdirir. Atam tələbləri yerinə yetiriləndək aclığı davam etdirəcəyini bildirib. Anam da aclıq edir. Sonda biz qalib olacağıq. Tofiq Yaqublunun timsalında bütün siyasi məhbuslara azadlıq tələb edirik", o qeyd edib.
Rəhim Yaqublu yanvarın 12-də Vaşinqtonda Ağ Evin binası qarşısında "Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq!" tələbi ilə aksiya keçiriləcəyini bildirib.
Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.
Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.
Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib.